Topaz Premyer Liqasında 23-cü tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Açılış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Gəncədə baş tutacaq oyun meydan sahibləri üçün xüsusi əhəmiyyət kəsb edir. Şahin Diniyevin komandası son iki görüşdəki məğlubiyyəti unutdurmağa çalışacaq. Qış fasiləsindən sonrakı oyunlarda məğlubiyyət seriyasına son turda AZAL üzərində qələbə ilə son qoyan Samir Abasovun kollektivi isə Gəncədən hətta 1 xalla qayıtmasına da sevinə bilər. Baxmayaraq ki, bu klublar arasında əvvəllər baş tutmuş oyunların statistikası məhz sumqayıtlıların xeyrinədir. Gəncəlilər üç dəfə qalib gəldikləri halda, "Sumqayıt" bu rəqibini dörd dəfə məğlub edib. Qalan üç oyunda isə qalib müəyyənləşməyib. Top fərqi də sumqayıtlıların xeyrinədir - 14:13. Amma "Sumqayıt" bu mövsüm "Kəpəz"ə qalib gələ bilməyib. İlk dövrədə Gəncədə baş tutan görüşdə meydan sahibləri 3:1 hesabıyla qalib gəliblərsə, Sumqayıtdakı qarşılaşma 2:2 hesabıyla başa çatıb. Göründüyü kimi, komandaların son iki oyununda 4 qol vurulub. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. “Kəpəz” ardıcıl iki ev matçında qələbə qazanıb. Bu üzdən də əlahəzrət "Sumqayıt"ın Gəncədə qələbə qazanmaq ehtimalının az olduğunu düşünməyə əsas verir.
Daha sonra paytaxt derbisində “Zirə” ilə “Neftçi” üz-üzə gələcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər iki oyununda 2 qol vurulub. “Neftçi” rəqibinə qalib gələ bilməyib. “Zirə” evdə qol buraxmadan qələbə qazanıb - 2:0. "Neftçi"nin meydanındakı oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Nəticədə, top fərqində də çempionatın debütantı öndədir - 3:1. Zirəlilər doğma meydanda keçirəcəkləri oyunda növbəti xal və ya xallar sayəsində ikinci pillədəki mövqeyini möhkəmləndirməyə çalışacaqlar. "Ağ-qaralar" isə bu rəqiblə oyunlardakı ilk qələbəsini rəsmiləşdirməyə cəhd göstərəcək.
Bu oyunla eyni saatda daha bir paytaxt derbisi baş tutacaq. AZAL “Rəvan”ı qəbul edəcək. Bu komandalar əvvəllər 14 oyunda üz-üzə gəliblər və hərəyə 5 qələbə qazanıblar. Daha dörd görüşdə heç-heçə qeydə alınıb. Maraqlıdır ki, top fərqində də bərabərlik var - 17:17. Son 4 qarşılaşmada qonaq komanda qol vurmayıb. Bu matçlarda 1-dən çox qol qeydə alınmayıb. “Rəvan” son 8 qarşılaşmada yalnız 1 qələbə qazanıb. AZAL son 3 matçda qol buraxmayıb. Cari mövsümdə baş tutan görüşlərə gəlincə, AZAL birinci dövrədəki ev oyununda 1:0 hesabıyla qalib gəlmişdi. "Rəvan"ın meydanındakı qarşılaşmada isə qapılara qol vurulmamışdı - 0:0.
Çempionluğa iddia etməsinə baxmayaraq, hazırda üçüncü pillədə qərarlaşan "Qəbələ” bu tur "Xəzər Lənkəran”la qarşılaşacaq. Vaxtilə 28 oyunda qarşılaşan komandaların duellərində cənubluların üstünlüyü diqqət çəkir. "Ağ-yaşıllar" 13 dəfə qalib gəldikləri halda, qəbələlilər 9 oyunda 3 xala seviniblər. Daha 6 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqi də cənub klubunun xeyrinədir - 36:31. Lakin tərəflərin son 4 qarşılaşmasında “Qəbələ” qalib gəlib. “Xəzər Lənkəran” 3 oyundur qol da vura bilmir. Qəbələdəki son 6 görüşdə ən azı 2 qol qeydə alınıb. Bu mövsüm baş tutan oyunlara gəlincə, "Qəbələ" evdə 6:0, səfərdə isə 1:0 hesabıyla qalib gəlib. Elə bu dəfə də ciddi maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "Xəzər Lənkəran"ın sensasiyaya imza atması inandırıcı görünmür.
Nəhayət, turun qapanış və mərkəzi oyununda "İnter”lə “Qarabağ” qarşılaşacaq. Paytaxt klubu hazırda dördüncü pillədə qərarlaşsa da, iddialılardan hesab olunur və lider Ağdam təmsilçisinin ən çətin rəqiblərindən biridir. Baxmayaraq ki, əvvəlki 45 oyundan yalnız 10-da bakılılar 3 xala sevinə biliblər. 15 oyun heç-heçə bitdiyi halda, Ağdam klubu 20 dəfə qələbəyə sevinib. Top fərqi də Qurban Qurbanovun komandasının xeyrinədir - 50:28. “Qarabağ” ardıcıl 2 quru hesablı qələbə qazanıb: özü də rəqib meydanındakı oyunda 2:0, doğma divarlar arasında isə 1:0 hesabıyla. “İnter” isə son 21 matçda yalnız 1 dəfə qalib gəlib. Ağdamlılar bu görüşdə də favorit hesab olunurlar. Amma Zaur Svanadzenin komandası da sürprizə imza ata bilər.
Topaz Premyer Liqası
23-cü tur
27 fevral (şənbə)
14:00. “Kəpəz” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu.
15:00. “Zirə” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Zirə İdman Kompleksinin stadionu.
15:00. AZAL – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "AZAL Arena".
17:00. “Qəbələ” - “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ şəhər stadionu.
18:00. “İnter” - “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.
| 1 | Qarabağ | 22 | 14 | 5 | 3 | 35-14 | 47 |
| 2 | Zirə | 22 | 11 | 8 | 3 | 24-15 | 41 |
| 3 | Qəbələ | 22 | 10 | 7 | 5 | 27-16 | 37 |
| 4 | İnter | 22 | 9 | 7 | 6 | 20-15 | 34 |
| 5 | Kəpəz | 22 | 8 | 8 | 6 | 25-20 | 32 |
| 6 | Neftçi | 22 | 8 | 7 | 7 | 22-21 | 31 |
| 7 | AZAL | 22 | 7 | 5 | 10 | 12-21 | 26 |
| 8 | Sumqayıt | 22 | 4 | 9 | 9 | 25-32 | 21 |
| 9 | Xəzər Lənkəran | 22 | 3 | 4 | 15 | 10-30 | 13 |
| 10 | Rəvan | 22 | 2 | 8 | 12 | 14-30 | 8 |
Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi"), Dani Kintana ("Qarabağ"), Nelson Bonilya ("Zirə").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ").
