AFFA namizədliyini dəstəklədi, FİFA prezidenti seçildi
İsveçrənin Sürix şəhərində FIFA-nın növbədənkənar Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, növbədənkənar Konqresdə FIFA prezidenti vəzifəsinə seçki baş tutub.
Seçkilərdə bu vaxta qədər UEFA-nın baş katibi vəzifəsini tutan Canni İnfantino qalib gəlib. Hansı ki, AFFA rəhbərliyi də bir müddət öncə onun namizədliyini dəstəklədiyini rəsmən açıqlamışdı. Böyük ehtimalla, seçkilər zamanı da AFFA rəsmiləri məhz Canni İnfantinoya səs veriblər.
Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.
Sonda onu da bildirək ki, FİFA prezidenti postuna Asiya Futbol Federasiyasının prezidenti şeyx Salman ibn İbrahim Əl-Xəlifə, FİFA-nın sabiq baş katib müavini Jerom Şampan və İordaniya şahzadəsi Əli ibn Əl-Hüsseyn idi. Səsvermədən öncə isə cənubi afrikalı namizəd Tokio Seksvale öz namizədliyini geri götürüb. İlk turdan sonra İnfantino səslərin 88-ni qazanıb. Əl-Xəlifə 85, Əl-Hüsseyn 27, Şampan 7 səs toplayıb. İkinci turda isə İnfantino 115 səs toplayaraq, FİFA prezidenti seçilib. Əl-Xəlifə 88, Əl-Hüsseyn 4 səs topladığı halda, Şampana səs verən olmayıb.
