Eddi İsrafilov: Kordoba La Liqaya birbaşa vəsiqə qazanmaq istəyir
Azərbaycan yığmasının və İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov yeni komandasındakı çıxışından danışıb. Azerisport.az sizi onun İspaniya mətbuatına verdiyi müsahibə ilə tanış edir.
- Kordobadakı ilk həftəniz necə keçdi?
- Çox xoşbəxtəm. Özümü burada komfortda hiss edirəm. Komandaya tam uyğunlaşmışam.
- Komandanızla bağlı hansı təəssüratlarınız var?
- Çox xoşuma gəlir. Heyətdə çox yaxşı futbolçular var. Komandada gözəl atmosfer hökm sürür. Bu, bizim oyunumuza da müsbət təsir göstərir.
- Komandanızın La Liqaya çıxmaq şansı var?
- Əlbəttə. "Kordoba"nın hədəfləri böyükdür. Elitaya birbaşa vəsiqə qazanmaq istəyirik.
- Bəs siz bu yolda "Kordoba"ya nə verə bilərsiniz?
- La Liqadakı təcrübəm yəqin ki, daha böyük köməkdir. Amma meydanda olduğum vaxt əlimdən gələni etməyə çalışacağam.
- Baş məşqçi Xose Luis Oltre barədə nə düşünürsünüz?
- Çox yaxşı məşqçidir. Onun iş üslubu xoşuma gəlir. Şablon deyil. Bizi yaxşı motivasiya etməyi də bacarır.
- Qarşınıza hansı hədəfləri qoymusunuz?
- Şəxsən mənim hədəfim komandanın əsas heyətindəki mövqeyimi möhkəmləndirməkdir. Meydanda mümkün qədər daha çox vaxt keçirmək istəyirəm. Futbolçu kimi inkişaf etmək hər bir oyunçunun arzusudur.
- Elitanı Sequnda liqaya dəyişməyi geriyə addım hesab etmirsiniz?
- Əksinə, bunun müsbət cəhətləri var. Çünki orada elə də çox oynamaq şansım olmurdu. Amma yeni klubumda daha çox oynayacağıma inanıram.
- La Liqanın ilk dövrəsindəki çıxışınızı necə qiymətləndirərdiniz?
- Bütövlükdə, yaxşı. Orada çoxlu yeniliklər öyrəndim. Meydana çıxdığım hər oyunda əlimdən gələni etməyə çalışdım. Amma La Liqada məni bəxtsizlik izləyirdi. Zədə səbəbindən sabit çıxış edə, özümü isbatlaya bilmədim. Amma Kaparos, Sandoval, Mendilibar kimi mütəxəssislərlə işləmək imkanı qazandım. Ən əsası isə böyük təcrübə əldə etdim.
- "Kordoba"nın aparıcı oyunçusuna çevriləcəyinizə inanırsınız?
- Ümid edirəm ki, elə də olacaq. Amma bu, mənim necə çalışmağımdan asılıdır.
- "Kordoba"dan başqa hansı variantlarınız var idi?
- Başqa komandalardan da bir neçə təklif almışdım. Mənim xidmətimdə çox maraqlı idilər. Amma "Kordoba"nın təklifi mənim daha çox diqqətimi çəkdi. Fikrimcə, bu keçiddən ancaq qazanacağam. (Marca)
