Məhəmməd Mirzəbəyov: 1:0 olsun, bizim olsun!
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının növbəti turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Rəvan" üzərindəki qələbədən sonra (1:0) "Qəbələ"nin qara zolaqdan çıxdığını demək olar?
- Mən heç vaxt "qara zolağ"a, bəxtə inanmamışam. Daha çox məşq etmək və daha yaxşısı üçün Allaha ümid etmək lazımdır. Fikrimcə, bundan sonra hər şey yaxşı olacaq.
- Ötən mövsüm "Qəbələ" mövsümün sonlarını yaddaqalan qələbə seriyası ilə yaxşı yerdə başa vurdu. Bu mövsüm də həmin uğuru təkrarlaya biləcəksiniz?
- Ola bilər. Biz yaxşı formadayıq. Oyundan oyuna da artırırıq.
- Amma "Rəvan"ı çətinliklə məğlub etdiniz...
- Bəli, çətin oyun oldu. Birinci hissədə yaxşı oyun göstərə bilmədik. Amma ikinci yarıda qol vurduq. Daha çox qol vura bilərdik, alınmadı.
- Bu oyunda mübahisəli məqamlar da oldu: meydan sahibləri hakimdən penalti tələb edirdilər...
- Penalti istəmək azdır, qarşıya qoyulan məqsədə çatmaq üçün daha artığını etmək lazıdmır. Həmin epizoda gəlincə, mənim fikrimcə, penalti yox idi.
- Mövsümün ilk yarısı ilə müqayisədə siz indi daha çox oynayırsınız, əsas heyətdə meydana çıxırsınız...
- Roman Qriqorçukun mənə güvənməsi xoşdur. Komandama faydalı olmaq üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, məndə alınacaq.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var. Rəqibin heç bir ciddi hədəfinin olmaması sizin işinizi asanlaşdıra bilər?
- Rəqibimiz zəif komanda deyil. Çoxlu gənc futbolçusu var. Hamısı da yaxşı formadadır. Fikrimcə, onlar bütün oyunboyu qaçacaqlar, nəsə etməyə çalışacaqlar. Ona görə də asan oyun gözləmirəm.
- "Xəzər Lənkəran"la son ev oyununda 6:0 hesabıyla qalib gəlmişdiniz. Bunun təkrarlanmasını gözləməyə dəyər?
- 6:0 hesabının təkrarlanıb-təkrarlanmayacağını söyləmək çətindir. Əsas odur ki, üç xal qazanaq. 1:0 olsun, bizim olsun.
- "Qəbələ" qışda sizin mövqeyinizdə oynayan Pavel Paşayevi heyətinə qatdı. Hələ ki, bu oyunçu ilə rəqabət sizin xeyrinizədir...
- O, çox təcrübəli oyunçudur. Odur ki, bu rəqabət daha da inkişaf etməyimizə, artırmağımıza kömək edəcək.
- "Qəbələ"nin çempion olacağına inanırsınız?
- Hər şey ola bilər. Sadəcə, hadisələri qabaqlamaq istəmirəm. Oynamaq, xallar qazanmaq lazımdır. Nəyin necə olacağını isə mövsümün sonunda biləcəyik.
