25 fevral 2016 15:40
Siyasət Əsgərov: Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik
Bu gün Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması macarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.
Azerisport.az xəbər verir ki, oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Qarşılaşma Macarıstan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığmalarının yoldaşlıq oyunları ilə bağlı hər iki komandanın baş məşqçisinin fikirlərini diqqətinizə çatdırırıq:
Dorotiya Şumi (Macarıstan yığmasının baş məşqçisi): “Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu. Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.
Siyasət Əsgərov (Azərbaycan yığmasının baş məşqçisi): “İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm. Ancaq sonradan yarımmüdafiənin mərkəzində buraxdığımız səhvlər qapımıza daha çox hücumla nəticələndi və rəqib yaratdığı imkanlardan istifadə edib qələbə qazandı. İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik. Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim”.
AFFA
