Rəşad Abdullayev: Bizi avrokuboklara buraxmasalar, çox üzücü olar
"Zirə"nin kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız qış fasiləsindən sonra keçirdiyi bütün oyunlarda qələbə qazanmaqla ən yaxşı göstəriciyə imza atıb...
- Bu nəticə bizim hamımızı sevindirir. Yaxşı gedirik. Amma bu, göstərici sayıla bilməz. Qarşıda bizi ağır qrafik gözləyir. Bizdə oyun baxımından problemlər olsa da belə, bunun nəticələrimizə təsir etməməsi çox sevindiricidir.
- Komandanızın bu cür çıxışı və iddialıların turnir cədvəlinin alt pillələrində qərarlaşması sizin üçün nə dərəcədə gözlənilməzdir?
- Hansısa gözlənilməzlik olduğunu deməzdim. Çünki çempionatımızda aşkar autsayder yoxdur ki, bütün rəqiblərinə ardıcıl uduzsun. Qarşıda bizi də favoritlərlə oyunlar gözləyir. Ümid edirəm ki, həmin oyunlarda nəyə qadir olduğumuzu göstərə biləcəyik.
- Həftənin sonunda sizi "Neftçi" ilə oyun gözləyir. Elvin Məmmədov, Yovan Krneta, Dieqo Souzanın bu oyunu buraxması sizin üçün problem yaratmayacaq?
- Onlar bizim üçün vacib oyunçulardır. Amma hiss etmisinizsə, bizdə sabit heyət yoxdur. Hamı oynayır. Düşünmürəm ki, indiki itkilərimiz də komandamızın oyununa hansısa problem yaratsın.
- Deməli, "Neftçi"ni məğlub edə biləcəksiniz?
- Buna ümidliyəm. Amma rəqibi aşağılamaq fikrim də yoxdur. "Neftçi" hansı pillədə olmasından asılı olmayaraq, "Neftçi"dir. Onları öz meydanımızda qəbul edəcəyik. Deməli, yaxşı oynamalıyıq ki, lazım olan nəticəni təmin edə bilək.
- "Zirə" Azərbaycan futbolunda "Neftçi"yə uduzmayan yeganə komandadır. Bu seriyanı davam etdirə biləcəksiniz?
- "Neftçi"yə uduzmayan yeganə komanda kimi qalmaq istəyirik. Döyüşkən heyətimiz var. İstənilən rəqiblə baş-başa mübarizə aparmağa qadirik. Amma "Neftçi" elə rəqibdir ki, bizi bir səhvə görə cəzalandıra bilər. Orada oynamışam və uşaqların da bəzisini tanıyıram. Komandanın yaxşı yerli oyunçuları var. Əminəm ki, onlar Azərbaycan futbolunun gələcəyi ola biləcəklər.
- "Zirə"nin bütün uğurlarına baxmayaraq, avrokuboklara vəsiqə qazansanız da, bu turnirə buraxılmaya bilərsiniz... Bu fakt sizi məyus etmir?
- Biz öz işimizi görürük ki, avrokuboklara vəsiqə verən yeri tutaq. UEFA-nın nəyə qərar verəcəyini isə görəcəyik. Əlbəttə, bizi bu turnirə buraxmasalar, çox üzücü olacaq. İndidən bu barədə düşünüb, həyəcan keçirmək istəmirəm. Qarşıda hələ 14 tur var.
