Kazbek Tuayev: Anatoli Banişevski təmiz bakılı olduğundan Neftçidən getmək istəmirdi
AFFA İcraiyyə Komitəsinin üzvü, "Neftçi"nin sabiq futbolçusu Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Bu gün Anatoli Banişevskinin doğum günüdür. Yaşasaydı, bu gün 70 yaşını qeyd edəcəkdi. Onunla ilk tanışlığınızı necə xatırlayırsınız?
- O, komandamız 16 yaşındaykən gəldi. Ələkbər Məmmədov onu 1963-cü ildə komandaya gətirdi. Əvvəlcə əvəzedici komandada oynadı. Hər kəslə münasibəti çox gözəl idi. Yadımdadır, Moskvada "Lokomotiv"lə qarşılaşmalı idik. Oyundan öncə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri olan bir həmyerlimiz bizə yaxınlaşıb bildirdi ki, bu oyunda qalib gəlməsəniz, sizi öldürəcəyik. Çıxdıq, beş qol vurduq. Həmin qollardan üçünü məhz Banişevski vurdu.
- Onu digərlərindən daha çox məşhurlaşdıran nə oldu?
- Bircə səbəbini deyim. O, keçmiş SSRİ-də Braziliya yığmasına qol vuran ilk futbolçu olub.
- Bəs o, sizin üçün kim olub?
- Ən layiqli insan. Böyüklərə çox hörmət edərdi. Hər kəsi dinləyərdi. Bu insanı sevirdim.
- Sizcə, Banişevskini Azərbaycanda belə anırlar?
- Çünki o, yaxşı futbolçu və möhtəşəm insan olub. Ürəyiaçıq insan idi. Kollektivdə onu hər kəs sevirdi. Həyatda da çox yaxşı oğlan idi. Bunu hər kəs görürdü. Onu belə çox sevdirən də məhz yaxşı keyfiyyətləri idi.
- Deyilənə görə, o, heç vaxt "Neftçi"ni tərk etmək istəməyib...
- Bəli, düzdür. Biz bürünc medal qazanan vaxt, onu ÇSKA heyətinə qatmaq istəyirdi. O vaxt onun 19 yaşı var idi. Moskva klubu da onu hərbi xidmətə çağırmaqla əldə etmək fikrində idi. Amma biz bu məsələni onu instituta düzəltməklə birtəhər yoluna qoyduq. Başqa variantlar da çox olurdu, amma o, getmək istəmirdi. Təmiz bakılı idi və bu üzdən klubumuzdan ayrılmaq istəmirdi. Kollektivimiz də yaxşı olduğundan burada özünü yaxşı hiss edirdi. Şəraitimiz də digər klublardan pis deyildi.
- Niyə ondan yaxşı məşqçi olmadı?
- Dəqiq deyə bilmərəm. O vaxt yollarımız ayrılmışdı. Məşqçilik tamamilə fərqli sənətdir. O, Mingəçevirdə pis çalışmırdı. Sonradan Burkina-Fasoya yollandı. Amma oradan gələndən sonra xəstələndi və məşqçilik fəaliyyətini davam etdirə bilmədi.
- Sizcə, Azərbaycanın nə vaxtsa belə futbolçusu olacaq?
- Əlbəttə, olacaq. Bəzən təbiət istirahət edir, amma hərdən də xeyli istedadlı futbolçudan ibarət buket təqdim edir. Hazırda isə təbiət bizim futbolçular üçün istirahət edir.
