Vüqar Astanov: Əziyyətimizin hədər getməsini istəmirik
"Zirə"nin prezidenti Vüqar Astanov komandanın avrokubokların yeni mövsümünə qatılmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bildiyiniz kimi, klubumuz cəmi iki ildir fəaliyyət göstərir. Üç il olsaydı, rahatca avrokuboklara qatıla bilərdik. Buna baxmayaraq, UEFA-nın lisenziyalaşdırma tələblərini lazım olan qaydada həyata keçirməyə çalışırıq. "Zirə" kimi klublar üçün istisnalar mövcuddur və biz də qitə futbol qurumundan belə bir imkan qazanacağımıza ümid edirik. Mart ayında UEFA-dan cavab alacağıq. Dəqiq də olmasa, təxmini biləcəyik. Ən yaxşısına ümidliyik. Səhv etmirəmsə, Qazaxıstanda da bir klub bizim aqibətimizlə üzləşib. Amma onların klubunu avrokuboklara buraxmayıblar. Biz yenə də çalışırıq. Əziyyətimizin hədər getməsini istəmirik".
