Coşqun Diniyev: Riçard Almeyda ilə bir-birimizi yaxşı başa düşürük
"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi" üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Çətin oyun oldu. Bəlkə də çempionatın ən çətin görüşlərindən biri idi. Amma belə olacağını bilirdik. Çünki biz bu rəqiblə ilk iki dövrədəki oyunlarda cəmi bir xal qazana bilmişdik. Bakılılar bizə qarşı ikiqat motivasiya ilə oynayırdılar. Bizə isə onların seçdiyi taktikaya qarşı oynamaq çətinlik yaradırdı. Şadam ki, belə bir görüşdən qalib ayrıldıq və liderliyimizi davam etdiririk.
- Amma hesabı açdığınız epizodda Aylton sizə gözəl "hədiyyə" etdi...
- Bəli, "Neftçi"nin braziliyalı müdafiəçisinin səhvindən sonra hesabı açdıq. Amma ikinci qolu gözəl hücum qurmaqla vurduq. Deməli, qələbə qazanmalıydıq. Həm də "Qarabağ" yaxşı oyun sərgilədi.
- Sizə elə gəlmir ki, "Neftçi" bu mövsümkü əvvəlki iki oyunla müqayisədə bu dəfə sizə qarşı layiqli mübarizə aparmadı?
- Bunda bizim xidmətimiz var. "Neftçi"yə qarşı keçirdiyimiz hər iki əvvəlki oyunu izləmişdik. Rəqibi yaxşı analiz, öz səhvlərimizi qeyd etmişdik. Oyuna da böyük motivasiya ilə çıxmışdıq. Ona görə də bizdə bu dəfə hər şey yaxşı alındı.
- Əsas heyət oyunçusuna çevrildiyinizi demək olar?
- Mən belə deməzdim. Çempionatın son oyununa qədər də belə düşünəcəyəm. Bizim komandada böyük rəqabət var. Elə futbolçularımız var ki, onlarla yanaşı oynamaq böyük fəxrdir. Komandamızın uğur qazanması üçün əlimdən gələni edirəm. Məşqlərdə və oyunlar zamanı Riçard Almeyda ilə bir-birimizi yaxşı başa düşdüyümüzü görürəm. O, hiyləgərdir. Elə mən də. Ondan çox şey öyrənirəm. Bəlkə də buna görə bizim birgə oyunumuz alınır. Bəzən də elə olur ki, Almeydanın oyunun gedişində hansı qərarlar verəcəyini mən də təxmin edə bilmirəm. Lakin ümid edirəm ki, çempionatın sonuna qədər bizdə hər şey qaydasında olacaq.
- Qarşıdakı "İnter"lə oyunda da üç xal qazana biləcəksiniz?
- Çətin görüş olacaq. İndi asan oyun olmur. Qələbə üçün oynayacağıq.
