Emin Cəfərquliyev: AZAL-da pula yox, baş məşqçiyə görə oynayırıq
AZAL-ın müdafiəçisi Emin Cəfərquliyev komandanın son oyunlardakı məğlubiyyətlərinin klubda maaşların verilməsində yaranan problemlərlə bağlı olduğu barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maaşlar bizim oyunumuza heç bir təsir göstərə bilməz. Heç özüm də bilmirəm ki, bu xəbərlər haradan meydana çıxır. Komandamızda çıxış edən oyunçular buraya heç də pula görə gəlməyiblər. Bunu sizə tam səmimiyyətimlə deyirəm. Biz burada baş məşqçiyə görə oynayırıq. O, komandada çox gözəl ailə mühiti formalaşdırıb ki, bunu qorumağa çalışırıq. Qışda çox futbolçumuza dəvət gəlsə də, heç kim getmədi. Pul alsaq da, almasaq da, həmin adamlarıq, dəyişmirik.
Biz Azərbaycan futbolunda öz gücümüzü göstərmək istəyirik. Altı oyunda qələbə qazananda heç kim maraqlanmırdı ki, pul alırıq, ya yox. Amma uduzan kimi dərhal belə söhbətləri ortaya atıblar. Bütün Azərbaycan danışırdı ki, 500 manat maaş alan futbolçular necə olur ki, 20 000 alan futbolçulara qalib gəlir. Biz hər şeyə rəğmən, öz işimizi görürük. Mətbuatda çalışanlardan da xahiş edirəm ki, mənim və komanda yoldaşlarımın nə qədər aldığını yox, meydanda necə oynadığımızı müzakirə etsin. Komandada hər şey yaxşıdır. Biz heç nəyə görə narahat deyilik".
