Savinov: Azərbaycanda çox pul qazansam da, ömrümün sonunadək bəs edəcəyini deməzdim
"Bakı"nın sabiq müdafiəçisi Aleksey Savinovun azerisport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsunuz?
- Evdə otururam. A kateqoriyalı məşqçi kurslarına qatılıram. Bir müddət "Şerif" klubunda baş məşqçi köməkçisi kimi çalışsam da, hazırda işsizəm.
- "Şerif" son dövrlərdə azərbaycanlı futbolçulardan biri ilə maraqlanırdı. Təsadüfən, bu, sizin dövrünüzə təsadüf etməyib?
- Bəli, bizə Azərbaycan yığmasının oyunçusunu təklif etmişdilər. Heç də pis futbolçu deyildi, "Şerif"ə kömək edə bilərdi. Amma danışıqlar uğurlu alınmadı. Həmin futbolçunun adını öyrənməyə çalışmayın, deməyəcəyəm. Bu, düzgün olmaz.
- Azərbaycanlı biznesmenin Moldovanın "Saxan" klubuna sponsorluq etməsi məsələsi də gündəmdə idi...
- Bəli. Bu barədə mətbuatdan oxumuşdum. Fikrimcə, azərbaycanlı biznesmenlə klub arasındakı danışıqlar uğurlu alınsaydı, "Saxan"a böyük kömək olardı.
- Vaxtilə liderlərindən biri olduğunuz "Bakı" ilə bağlı hansı xatirələriniz qalıb?
- "Bakı"da oynadığım üçün qürur duyuram. Çempion olduq, iki dəfə ölkə kubokunu qazandıq. Komandada çoxlu güclü legionerlər çıxış edirdilər. Eyni zamanda Rafael Əmirbəyov, Mahmud Qurbanov, Elvin Əliyev, Cəmşid Məhərrəmov kimi yaxşı yerli oyunçularımız var idi. Qyoko Hacıyevski, Borçe Xristov, Bülənt Qorxmaz, Vinfred Şefer, Aleksandr Starkov, Cüneyt Biçər və Nazim Süleymanov kimi mütəxəssislərlə çalışdıq.
- Unuda bilmədiyiniz oyunlar var?
- Yaxşı oyunlarımız çox olub. Amma xüsusi olaraq iki oyunu yaxşı xatırlayıram. 2009-cu ilin may ayında "Simurq"la oynayırdıq. Vadim Boretsin 93-cü dəqiqədə vurduğu qol bizə çempionluq gətirdi. 2010-cu ildə "Xəzər Lənkəran"a qalib gəldiyimiz kubok görüşü də yaxşı yadımdadır.
- Azərbaycanda oynamış futbolçuların əksəri buradan gedəndən sonra qazandıqları pulun ömürlənin sonunadək bəs edəcəyini söyləyirlər. Sizdə də vəziyyət elədir?
- Bəli, mən Azərbaycanda çox qazandım. Amma deməzdim ki, bu pul həyatımın sonunadək bəs edəcək.
- "Bakı"nın prezidenti Hafiz Məmmədovla əlaqə saxlayırsınız?
- Məmmədov Azərbaycan futbolu üçün çox iş görüb. Baza tikdirdi, "Atletiko" ilə gözəl əlaqələr yaratdı. Ondan sonra Azərbaycanı bütün dünyada tanımağa başladılar. O, həmişə futbolçulara görə həyəcan keçirərdi.
- Hazırda onun klubunda ciddi maliyyə problemləri hökm sürür, komandası birinci divizionda çıxış edir...
- Təəssüf ki, belə problemlərlə üzləşiblər. Deməli, klubun peşəkar menecerlərlə bağlı problemi olub. Hafiz Məmmədovun futbola ayırmağa daha çox vaxtı olsaydı, əminəm ki, klubun indi uğurlarının sayı bol olardı. O, futbolçuların aldadılmasına heç vaxt imkan vermirdi.
- Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Bəli. "Qarabağ"la "Qəbələ"nin avrokuboklardakı uğurlu çıxışına sevindim. Xüsusilə də Ağdam klubunda böyük işlər görən Qurban Qurbanova görə. Bu komandanı onsuz təsəvvür etmək çətindir. Əminəm ki, onlar bu mövsüm də çempion olacaqlar. Amma təəssüf ki, "Xəzər Lənkəran" kimi klub da ciddi maliyyə problemləri ilə üz-üzə qalıb.
- Son dövrlər Azərbaycan çempionatında moldovalı futbolçuların olmaması nədən irəli gəlir?
- Bunun cavabını tapmaq çətindir. Hazırda klublarınızda ciddi maliyyə problemləri var. Buna görə də Moldova çempionatının lider klublarında çıxış edən futbolçular sizin ortabab komandalarınızda oynamaq istəmirlər. Fürsətdən istifadə edib Azərbaycandakı bütün dostlarıma salam göndərirəm. Ola bilər ki, nə vaxtsa yenidən Azərbaycana gəlim. Məşqçi kimi çalışmaq istəyərdim.
