Şamil Qurbanov peşman olub: Azərbaycanda oynamağa hazıram
Azərbaycan yığmasının sabiq müdafiəçisi Şamil Qurbanov azerisport.az saytına müsahibəsində bəyan edib ki, o, Premyer Liqamızda oynamağın əleyhinə deyil. Berti Foqtsun dövründə millimizə dəvət alan bu futbolçu son olaraq Rusiyanın "Volqa" klubunda çıxış edirdi.
Amma özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün yığmamızın sabiq futbolçusu Emin Ağayevin çalışdırdığı bu klub Qurbanovla yolları ayırmağa qərar verib. Şamil Tver təmsilçisindən ayrılmasını belə izah edib: "Elə alındı ki, "Volqa"dan ayrılmalı oldum. Münasibətimiz normal idi. Amma getmək lazım gəldi. Tverdə oynamaq çətin idi. Çünki orada inkişaf üçün şərait yoxdur. Klub rəhbərliyi komandanı dəstəkləmirdi. Heyəti gücləndirə biləcək futbolçu yox idi. Belə olan halda komandadan nəticə gözləməyə də dəyməzdi".
"Rusiya kuboku çərçivəsində "Zenit"ə qarşı 120 dəqiqə oynadım. Elə həmin oyunla da motivasiyam korlandı. Orada çox çətin idi. Buna görə də getməyə qərar verdim. Amma Emin Ağayevlə münasibətlərim yenə də yaxşıdır".
Qurbanov vaxtilə Ermənistanın "Uliss" klubuna keçmək istəyindən də söz açıb: "Məni ora-bura qaçan futbolçu kimi tanımalarını istəmirəm. Peşəkar futbolçuyam və öz işimlə məşğulam. Həmin hadisədə də günahkar mənim menecerim idi. O, düzgün hərəkət etmədi. Mənə verdiyi sözü tutmadı. Çox pis vəziyyətə düşmüşdüm".
Millimizin üzvü vaxtilə saytımıza açıqlamasında Azərbaycan çempionatında oynamaq istəmədiyini iddia etmişdi: "Başa düşürəm ki, Azərbaycan klublarında yerli futbolçu statusu ilə daha çox pul qazana bilərəm. Amma mən köməyimə çatacaq yolla getməyə üstünlük verirəm".
İndi isə Şamil tam fərqli fikirdədir. O, hazırda Azərbaycanda oynamağın əleyhinə deyil: "Azərbaycan çempionatında oynamaq istərdim. Futbol mənim həyatımdır. Bu işimlə həm də ailəmi sevindirmək istəyirəm. Yəni mən Azərbaycan çempionatında oynasam, tənqid olunacağam? Mənə elə gəlir ki, vaxtilə olmuşlara yox, sərgilədiyim oyuna baxmaq lazımdır. Məni "Uliss"ə menecerim yollamışdı, orada məşq etməli və əvvəlki formamı bərpa etməli idim. Daha sonra isə Rusiyanın birinci divizion klublarından biri ilə müqavilə imzalamalı idim. Yalnız sonradan bildim ki, menecerim mənim Ermənistanda oynamağımı planlaşdırırmış".
"Mən həmin hadisənin yaşanmasını istəməzdim. Çünki bu, mənim karyerama böyük zərbə oldu, geriyə addım atmış oldum. Başa düşdüm ki, Ermənistan klubunu seçməyə gərək yox idi. Amma etiraf edim ki, üç ay müddətində orada qalmağa hazır idim. Bu da futbol oynamağı həddən artıq çox istədiyimdən qaynaqlanırdı. Yaxşı ki, alınmadı. Artıq Azərbaycanda oynamağa hazıram".
