Bəhmən Həsənov: Hakim bu oyunu çox aşağı səviyyədə idarə etdi
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qəbələ"nin daha yaxşı oynadığını deməzdim. Biz müdafiədə yaxşı oynadıq. Birinci hissədə xeyli qol epizodu yaratsaq da, yararlana bilmədik. Rəqib futbolçu iki dəfə cərimə meydançasında əllə oynadı, hakim hər iki epizodda susdu. Niyə, başa düşmürəm. Əminəm ki, oxşar epizod bizim qapımız qarşısında olsaydı, penalti təyin edərdi. Onu da başa düşə bilmirəm ki, topu bədəni ilə qəbul edən Cəmşid Məhərrəmovun əllə oynadığına dair qərar qəbul etdilər. Hakim bu oyunu çox aşağı səviyyədə idarə etdi. Hər oyunda belə hallarla üzləşirik. Buna çox təəssüf edirik. Belə hakimləri niyə çempionata buraxırlar, anlamaq olmur.
Qol vura bilməməyimizə gəlincə, ustalıq səviyyəsi sözünü deyir. "Qəbələ"nin çox ağıllı müdafiə xətti var. Belə müdafiəyə qol vurmaq çətin olur. Uşaqların çox yorğun olduğunu deməzdim. Buraxdığımız qol epizoduna gəlincə, Ruslan Tağızadə Arif Daşdəmirovun qapıya zərbə vurmasına imkan verməməli idi. Amma düzgün mövqe seçmədi". (CBC)
