Murad Səttarlı: AZAL-ın avrokuboklara vəsiqə qazanması realdır
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Sumqayıt"la oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- 22-ci turda sizi "Sumqayıt"la oyun gözləyir. Bu oyunda əsas hədəfiniz nədən ibarətdir?
- Çətin oyun olacaq. "Sumqayıt" evdə, doğma publika önündə oynayır. Amma biz də bu görüşə ciddi hazırlaşmışıq və qələbə qazanmaq istəyirik.
- Rəqib qış fasiləsindən keçirdiyi hər üç oyunda uduzub...
- Məğlub olmasına baxmayaraq, "Sumqayıt" hər üç matçda yaxşı futbol sərgiləyib. Onların oyunlarına baxmışam. Bu komandanın bizimlə görüşə sonuncu oyun gözü ilə baxacağı dəqiqdir.
- Komandanız yeni ildəki üç oyunda 4 xal toplayıb. "Qarabağ", "İnter" və "Kəpəz"lə oyunlar barədə nə deyə bilərsiniz?
- Fasilədən sonra öncə "Qarabağ"a qalib gəldik. "İnter"lə oyunda da qələbə qazanmaq şansımız var idi. Amma bir xalla kifayətlənməli olduq. Gəncədəki matçda isə oynamaq çox çətin idi. Topu irəli vurub qaçmaq bizim oyun üslubumuz deyil. Biz yaradıcı futbol sərgiləməyə çalışırıq. Buna görə də həmin görüşdə xal qazana bilmədik.
- AZAL-dakı problemlər hər kəsə yaxşı bəllidir, futbolçular aparıcı klubların üzvləri ilə müqayisədə çox az maaş alır. Buna baxmayaraq, komandanız uğurlu çıxış edir.
- Düzdür, digər klublarla müqayisədə bizdə maaşlar çox azdır. Amma biz bir ailə kimiyik. Çox yaxşı kollektivimiz var.
- Murad Səttarlının "Simurq"dan sonra özünü AZAL-da tapdığını demək olar?
- Burada xoşbəxtəm, hər şey yaxşıdır. Hər kəsə, xüsusilə Tərlan Əhmədova göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. O, məni həmişə dəstəkləyir.
- Mövsümü neçənci pillədə başa vurmağı planlaşdırırsınız?
- Bizim avrokuboklara vəsiqə qazanmağımız realdır. Mövsümün sonunadək də bunun üçün mübarizə aparacağıq.
- "Qarabağ" və ya digər iddialı klublarımızda oynamaq istəyərdiniz?
- "Qarabağ" məni heyətində görmək istəsəydi, düşünmədən bu kluba keçərdim.
- Yığma komandamızda sizin kimi solaxay futbolçular çox azdır. Robert Prosineçkinin sizi milliyə dəvət edəcəyini gözləyirsiniz?
- Bunu istərdim. Amma qərarı baş məşqçi verir.
