Murad Ağayev: Sumqayıtın bəxti gətirmir
"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Ağayev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən ilin sonundakı uğurlu nəticələrimizin bizdə arxayınlıq yaratdığını düşünmürəm. İndi uğursuz çıxış etməyimizin bununla heç bir əlaqəsi yoxdur. Bundan söhbət də gedə bilməz. Biz hər oyuna kifayət qədər ciddi hazırlaşırıq. Sadəcə, bizi sanki bəxtsizlik izləyir. Bizim doğrudan da bəxtimiz gətirmir. İdmanda belə hallar olur. Bu uğursuz zolaqdan AZAL-la oyunda çıxıb-çıxmayacağımızı oyun göstərəcək. Öz oyunumuzu göstərməyə çalışacağıq. Rəqibə gəlincə, paytaxt klubunun yaxşı heyəti var. Son matçlarını da çox uğurlu keçiriblər. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Hesab edirəm ki, bizi maraqlı və gərgin oyun gözləyir. Ümid edirəm ki, uğur bizim tərəfimizdə olacaq".
