Kamran Ağayev: İnterlə müqaviləm olsa da, xarici karyeram başa çatmayıb
"İnter"in qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter"dəki debüt oyununuzla bağlı nə deyə bilərsiniz?
- Şadam ki, zədədən və cəzadan sonra geri döndüm. Fikrimcə, pis alınmadı. Sonuncu dəfə üç ay öncə rəsmi oyuna çıxmışdım. Futbolsuz qaldığım bu üç ay az müddət deyil.
- Oyunla bağlı fikirləriniz necədir?
- Əsas nəticədir ki, ona da nail olduq. Problemlər, çatışmazlıqlar var. Onları həll etmək lazımdır. Heyətdə zədəlilərimiz az deyil. Onların sıraya dönməsini gözləyirik.
- "İnter"in bu qələbə ilə qara zolaqdan çıxdığını demək olar?
- Üç oyunluq məğlubiyyəti qara zolaq adlandırmazdım. "İnter"in 7-8 oyun qələbə qazana bilmədiyi dövrlər də olub, amma sonda öz istəyinə nail olub. Eyni zamanda birinci diviziondan gəlmiş "Kəpəz"in də haqqını vermək lazımdır. Onlar çox yaxşı oynadılar.
- "İnter"ə uyğunlaşmısınız?
- Azərbaycan klubuna keçəndə uyğunlaşmaq üçün vaxta ehtiyac olmur. Bu ölkədə bütün futbolçuları tanıyıram və mənim uğyunlaşmağa ehtiyacım yoxdur. Həm də o dərəcədə gənc deyiləm.
- Sizi daha çox iddialı klublarda görməyə alışmışıq. "İnter" bu paramaterlərə uyğundur?
- Bu komandanın ölkədə yüksək reytinqi var. Hər il avrokuboklarda çıxış edir. Mənim bu klubla yarım illik müqaviləm var. Türkiyənin "Karşıyaka" klubunda problemlərlə üzləşsəm də, xarici karyeram başa çatmayıb.
- Türkiyə klubu ilə probleminizi həll etmisiniz?
- Heç bir problem qalmayıb. Onlarla bütün məsələləri yoluna qoymuşuq.
- Gənclərdən ibarət yığmamızın və "Xəzər Lənkəran"ın gənc hücumçusu Elnur Cəfərovun İspaniyanın "Real Ovyedo" klubunda qalmaq şanslarını necə qiymətləndirirsiniz?
- Bu, əlbəttə, onun şəxsi işidir. Amma mən o yaşda baxışa yollanmağa razı olmazdım. O, Azərbaycan yığmasının oyunçusudur. Deməli, yeni klubuna ancaq müqavilə imzalamaq üçün getməlidir. Özünə hörmət etmək lazımdır. İstənilən halda ona uğurlar arzulayıram.
