Vladislav Qədirov: Elnur Cəfərovun Real Ovyedo karyerası özündən asılıdır
Azərbaycanlı futbol mütəxəssisi Vladislav Qədirov U-21 yığmamızın və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun İspaniyanın "Real Ovyedo" klubuna baxışa yollanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Elnur Cəfərov perspektivli futbolçudur. Üzərində çalışsa, indikindən də yaxşı futbolçu olacaq. Gəncdir, karyerası hələ qarşıdadır. Elnur yüksək səviyyəli futbolçu ola bilər. "Real Ovyedo"da da işlərinin yaxşı olacağına inanıram. Əsas odur ki, ulduz xəstəliyinə tutulmasın. Belə olsa, hər şey əla olacaq. Azərbaycan futbolu onun İspaniyada qalmasından ancaq qazanacaq. Cəfərov niyə də bu klubun əsas heyətində oynamasın? Bir halda onu baxışa dəvət ediblər, deməli, nəsə görüblər. Elnur istedadlı oyunçudur. Əsas heyətə düşməsi də özündən asılı olacaq. Şəxsən mən İspaniya klubunun onunla maraqlanması xəbərinə çox sevindim. Bu baxımdan skautların da böyük rolu var. Ümid edirəm ki, onun İspaniyadakı işləri uğurlu alınacaq".
