Səməd Qurbanov: Rövnəq Abdullayevi əvəz edə biləcək kimisə görmürəm
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Necə olur ki, "Neftçi" favorit olduğu oyunlarda zəif çıxış edir, amma "Qarabağ"a qarşı ən yaxşı futbolunu sərgiləyir?
- Rəqib bizi belə motivasiya edir (gülür). Bu, tarixən belə formalaşıb. Məsələn, biz Moskva "Spartak"ına, Kiyev "Dinamo"suna qarşı daha yaxşı oynayardıq, nəinki digər rəqiblərimizə qarşı. "Neftçi"də həmişə iddialı komandalarla oyunlarda motivasiya yüksək olub. "Qarabağ" da turnir cədvəlində birinci pillədə qərarlaşıb və bizim onları məğlub etmək istəməyimiz normaldır. Təəssüf ki, "Rəvan" və AZAL-la oyunlarda bizə elə motivasiya olmur.
- "Qarabağ"la qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bizim bircə hədəfimiz var - qələbə qazanmaq. Ötən gün komandanın məşqində oldum. Uşaqlar yaxşı kökləniblər. Komanda səbrsizliklə oyunu gözləyir. Son turlarda bizə ən çox mane olan zədəli və cəzalılarımızın çox olmasıdır. Heç cür sabit heyətlə meydana çıxa bilmirik.
- Nikolas Kanalesin qayıtması ilə bağlı nə deyə bilərsiniz?
- Yaxşı hücumçudur. O, klubumuzda nəyə qadir olduğunu göstərib. Amma hazırda formada deyil. Əsgər Abdullayev onu fərdi qaydada məşq etdirir. Ümid edirəm ki, bir-iki tura qaydasına düşəcək. Bu futbolçunun komandaya böyük fayda verəcəyinə inanırıq.
- Komanda qış fasiləsindən sonra yeddi xal toplayıb, amma hələ də altıncı pillədən yuxarı qalxa bilmir...
- Bu, müvəqqətidir. Tezliklə bizi "Qarabağ"ın yanında görəcəksiniz (gülür). Turnir cədvəlində sıxlıq çoxdur. Fikrimcə, liderlər qrupunda yer alacağımız gün uzaqda deyil.
- Bu yaxınlarda belə bir xəbər yayıldı ki, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev AFFA İcraiyyə Komitəsinin üzvü seçiləcək...
- Düzünü deyim ki, məndə belə bir informasiya yoxdur. Amma ideya olaraq yaxşıdır. Abdullayev "Neftçi"ni AFFA İK-da təmsil etməlidir. O, tanınmış şəxsdir. Belə bir insan orada olmalıdır.
- Ötən gün Rövnəq Abdullayev üçüncü müddətə AFFA prezidenti olmaq üçün namizədliyini irəli sürdü...
- Mən onu dəstəkləyirəm. Abdullayev yenidən AFFA prezidenti seçilməlidir.
- Hələ ki, o, yeganə namizəddir. Bəs onunla kim rəqabət apara bilər?
- Onu əvəz edə biləcək başqa bir adam görmürəm. İşini bilən adamdır. Futbolumuzda hər şey normaldırsa, başqa bir adamın seçilməsinə ehtiyac yoxdur.
