Topaz Premyer Liqasında 22-ci tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilir. Azerisport.az xəbər verir ki, bu turun da oyunları 3 gün ərzində keçiriləcək.
İlk oyun günündə bir görüş baş tutacaq. Liderlər qrupunda qərarlaşan “İnter”lə “Kəpəz” Bakıda qarşılaşacaq. “Kəpəz” 3 oyundur bu rəqibinə qol vurmur. “İnter” 6 oyundur uduzmur. İndiyədək səfərdə rəqibinə qalib gəlməyən Gəncə klubu 10 matçda 1 xal qazanıb. İlk dövrədə Bakıda baş tutan oyunda "İnter" 1:0 hesabıyla qalib gəlmişdisə, Gəncədəki görüşdə hesab açılmamışdı - 0:0. Bütövlükdə, bu klublar arasında əvvəllər baş tutmuş 20 oyundan 13-də bakılılar qalib gəliblər. Üç qarşılaşmada heç-heçə qeydə alınıbsa, qalan dörd oyunda da gəncəlilər qələbəyə seviniblər. Top fərqində də "İnter"in aşkar üstünlüyü var - 39:18. Elə bu görüşdə də "İnter"i favorit sayanlar çoxdur. Baxmayaraq ki, Zaur Svanadzenin komandası qış fasiləsindən sonrakı hər üç oyununda məğlubiyyətlə üzləşib. Son turda "Qarabağ"a uduzan Şahin Diniyevli "Kəpəz" isə yeni ilə daha inamlı başlayıb və liderlər qrupundakı mövqeyini qorumaq üçün ən azı heç-heçəyə imza atmağa çalışacaq.
İkinci oyun günündə öncə "Sumqayıt" doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar indiyə qədər 18 dəfə qarşılaşıblar ki, onların daha çoxunda (8 oyun) heç-heçə qeydə alınıb. Cəmi 3 qarşılaşmada “Sumqayıt” qalib gəlibsə, 7 oyunda "təyyarəçilər" 3 xalı bayram ediblər. Top fərqində də AZAL-ın üstünlüyü var - 26:18. Bu klubların duellərində ardıcıl 3 matçda 2 qol vurulub. Bakı klubu 6 oyundur rəqibinə uduzmur. Qış fasiləsindən sonra uğursuz çıxış edən tərəflərin bu dəfəki duelinin də maraqlı idman mübarizəsi şəraitində keçəcəyi şübhəsizdir. Xatırladaq ki, ilk dövrədə Sumqayıtda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. İkinci dövrədə Şüvəlandakı oyunda isə meydan sahibləri 2 cavabsız qolla üstün olmuşdular.
Bu oyunun ardından turun mərkəzi görüşü çərçivəsində Azərbaycan çempionatlarının iki daimi iştirakçısı - "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Ölkə çempionatında ən çox qarşılaşan rəqiblər 63-cü dəfə üz-üzə gələcək. Bu oyunlarda kiçik üstünlüyə malik “Qarabağ” (bakılılar 18, ağdamlılar 20 oyunda qalib gəliblər) cari mövsümdə qalib gəlməyib. İlk dövrədə 1:1 hesabı qeydə alınıbsa, ikinci dövrədə "Neftçi" 1:0 hesabıyla üstün olub. Ümumiyyətlə, bakılılar son 3 matçda qol sevinci yaşayıblar. Amma “Neftçi” 5 matçdır səfərdə bu rəqibinə qalib gəlmir. 24 dəfə heç-heçəyə razılaşmış əzəli rəqiblərin duellərində top fərqində də ağdamlıların kiçik üstünlüyü var - 60:59. Qurban Qurbanovun komandası liderliyini qorumaq üçün cari mövsümdə ilk dəfə "Neftçi"yə qalib gəlməyə çalışacaq. Amma Əsgər Abdullayevli "Neftçi" də çətin səfərdən ən azı bir xalla qayıtmaq üçün əlindən gələni edəcək.
Son oyun günündə lider "Qarabağ"ın əsas izləyicisi "Zirə" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Yalnız cari mövsümdə qarşılaşan komandalar arasında əvvəlki oyunlarda eyni hesab qeydə alınıb. Hər iki qarşılaşmada “Zirə” minimal hesablı qələbə qazanıb - 1:0. "Xəzər Lənkəran" ciddi maliyyə problemlərindən əziyyət çəkməsinə, gənclərin ümidinə qalmasına baxmayaraq, iddialı debütantdan xal almağa çalışacaq. Amma zirəlilər də çətin səfərdən 3 xalla qayıtmağı hədəfləyiblər.
Nəhayət, turun qapanış matçında "Rəvan" "Qəbələ"ni qəbul edəcək. Əvvəlki 10 oyunda cəmi 2 dəfə paytaxt klubu qalib gəlib, 2 görüşdə heç-heçə qeydə alınıb. 6 qarşılaşmada isə "Qəbələ" 3 xala sevinən tərəf olub. Bu komanda top fərqində də üstündür - 20:9. “Rəvan” son 7 qarşılaşmada qalib gəlməyib. “Qəbələ” səfərdəki bütün oyunlarda qələbə qazanıb. Elə bu görüşdə bölgə təmsilçisi favoritdir. Baxmayaraq ki, ikinci dövrədə Qəbələdə keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. İlk dövrədə Bakıdakı görüşdə isə "aslanlar" iddialı rəqibinə 3 cavabsız qolla uduzmuşdular.
Topaz Premyer Liqası
22-ci tur
19 fevral (cümə)
15:00. “İnter” - “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov.
AFFA nüməyəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”.
20 fevral (şənbə)
15:00. “Sumqayıt” - AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov.
AFFA nüməyəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
17:30. “Qarabağ” - “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nüməyəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Azərsun Arena”.
21 fevral (bazar)
14:00. “Xəzər Lənkəran” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov .
AFFA nüməyəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Kərim Ağayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16:30. “Rəvan” - “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov.
AFFA nüməyəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Bayıl Arena”.
| 1 | Qarabağ | 21 | 13 | 5 | 3 | 33-14 | 44 |
| 2 | Zirə | 21 | 10 | 8 | 3 | 22-15 | 38 |
| 3 | Qəbələ | 21 | 9 | 7 | 5 | 26-16 | 34 |
| 4 | Kəpəz | 21 | 8 | 8 | 5 | 25-19 | 32 |
| 5 | İnter | 21 | 8 | 7 | 6 | 19-15 | 31 |
| 6 | Neftçi | 21 | 8 | 7 | 6 | 22-19 | 31 |
| 7 | AZAL | 21 | 7 | 5 | 9 | 12-19 | 26 |
| 8 | Sumqayıt | 21 | 3 | 9 | 9 | 23-32 | 18 |
| 9 | Xəzər Lənkəran | 21 | 3 | 4 | 14 | 10-28 | 13 |
| 10 | Rəvan | 21 | 2 | 8 | 11 | 14-29 | 8 |
Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.
Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ"), Nelson Bonilya ("Zirə").
