XL: Millinin məşqçiləri bizim futbolçulara hədə-qorxu gəlirlər
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bəyan edib ki, Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin baş məşqçiləri onların futbolçularına hədə-qorxu gəlirlər. Azerisport.az xəbər verir ki, o, sosial şəbəkədəki açıqlamasında bunları qeyd edib:
"Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin niyə əsas milliyə futbolçu verə bilməməsi səbəblərindən biri - Yusif Həsənovla İbrahim Qədirzadə U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda Premyer Liqada çıxış edən milli üzvü yoxdur. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanışların sayı bitib tükənmək bilmir. Qarşıda klubumuzun iki oyununu nəzərə alıb hər iki futbolçunun ayın 23 və 25-dəki yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri Təbriz Həsənov başda olmaqla kluba hədə-qorxu gəlirlər ki, o uşaqları bir də milliyə çağırmayacağıq. Adamlar hələ də anlamır ki, bu iki futbolçunun Premyer Liqada oyunu bunların boş-boş turnir və yoxlama oyunlarından üstündür".
