Hollandiya millisinin üzvü: Cütün favoriti Azərbaycan yığmasıdır
Futzal üzrə Hollandiya yığmasının üzvü Nacib Əl-Alluşinin azerisport.az saytına müsahibəsi
- Dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off oyununda Azərbaycanla qarşılaşacaqsınız. Püşkatmada bəxtinizin gətirdiyini demək olar?
- İstənilən halda biz güclü rəqiblərdən biri ilə qarşılaşacaqdıq. Ona görə də kimə qarşı oynamağımızın fərqi yoxdur.
- Axı Azərbaycanın əvəzində İspaniya ilə də qarşılaşa bilərdiniz...
- Bu mərhələdəki bütün komandalar güclüdür. İspaniya da bizə qarşı xüsusi hazırlaşacqdı, Azərbaycan da.
- Azərbaycan yığması barədə nə düşünürsünüz?
- Fikrimcə, Hollandiya yığmasına çətin olacaq. Azərbaycan millisi Avropanın ən güclü komandalarından biri hesab olunur.
- Rəqib düşərgədə hansı oyunçuları tanıyırsınız?
- Bilirəm ki, yaxşı oyunçularınız var. Onların əksəriyyəti hansısa oyunun taleyini təkbaşına həll edəcək gücdədirlər. Amma Hollandiya yığması daha çox gənclərdən təşkil olunub.
- Yəni, Hollandiyanın Azərbaycanla oyunda şansı yoxdur?
- Komandanız cütün favoritidir. Hollandiya dünya çempionatına vəsiqə qazana bilsə, bu, sensasiya olacaq. Ona görə də bu matçlara ciddi hazırlaşacağıq.
- Elə isə oyunu proqnozunuz necədir?
- 60%-in 40%-ə nisbətində Azərbaycanın xeyrinə dəyərləndirərdim.
- Səhv etmiriksə, Hollandiya yığmasında yerli oyunçular azlıq təşkil edir...
- Xeyr, bizdə hamı Hollandiya vətəndaşıdır. Baxmayaraq ki, əksəriyyət ərəblərdir. Amma onların hamısı Hollandiyada anadan olublar, burada yaşayırlar. Komandanızda çoxlu braziliyalı oyunçu olduğunu bilirəm. Bu üzdən də bizə çətin olacaq. Amma ümid edirəm ki, sonda hər şey bizim üçün yaxşı bitəcək.
