Ruslan Qurbanov: Mənim elə avtomobilim yoxdur
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Xəzər Lənkəran"a qarşı son oyununuzda meydana çıxmamışdınız. Yəqin ki, "Qarabağ"a qarşı keçiriləcək növbəti oyunu səbrsizliklə gözləyirsinz...
- Ən maraqlısı odur ki, bu mövsüm baş tutan hər üç "Böyük oyun"u buraxmalı olmuşam. Amma yaxşı ki, komandamız uğurlu çıxış edə bilib. Əsas da nəticədir.
- Bu mövsüm "Xəzər Lənkəran"la oyunlardan daha çox "Qarabağ"la görüşləriniz böyük ajiotaja səbəb olur. Hazırda "Neftçi" üçün ən prinsipial rəqibin "atlılar" olduğunu demək olar?
- Bunu müzakirə etmək mənim üçün çətindir. Bizim üçün hər bir oyun prinsipialdır. Xallar toplamağa davam etsək də, turnir cədvəlində irəliləyə bilmirik. Hələ də altıncı pillədəyik. Biz hər matçda yaxşı futbol sərgiləməyə və lazım olan nəticəni qazanmağa çalışacağıq.
- Komandanız bu mövsüm ən yaxşı oyunlarını məhz "Qarabağ"a qarşı keçirib...
- Qarşıdakı rəqibimiz son iki mövsümün çempionudur. Üstəlik, bu komanda ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib. Şübhəsiz ki, futbolçularımız onlara qarşı daha yaxşı hazırlaşırlar. Göstərmək istəyirik ki, biz də onlar üzərində qələbə qazana bilərik.
- "Qarabağ" üzərində qələbə qazanmağın "resept"ini açıqlaya bilərsiniz?
- 90 dəqiqə pressinq tətbiq etmək. Onların topa nəzarət etmələrinə imkan vermək olmaz. Çünki Ağdam klubunun oyunçularının ustalıq səviyyəsi çox yüksəkdir.
- Bu mövsüm sizin üçün yaxşı keçir. Artıq 7 qol vurmusunuz...
- Özümə inamım var. Daim meydana çıxmaq istəyirəm. Baş məşqçi də sağ olsun ki, mənə heyətdə yer verir. Bombardir olmağı çox istərdim. Amma komandamızın qələbə qazanması daha vacibdir.
- "Zirə"nin hücumçusu Nelson Bonilyanın hesabında altı qol var və o, bildirib ki, bombardirlik yarışında əsas rəqibi elə özüdür. Halbuki, ondan daha çox qol vuran Riçard Almeyda var...
- Ona uğurlar arzulayıram. Qoy vursun. Elə deyirsə, deməli, öz gücünə inanır. Kimin daha yaxşı olduğunu isə mövsümün sonunda görəcəyik.
- Yenidən xaricdə oynamaq variantınız var?
- "Neftçi"də məni hər şey qane edir. Amma mən yenidən ölkə xaricində oynamaq istəyərdim. Xorvatiyadakı karyeram uğursuz alındı. Yenidən Avropaya getməyim üçün şəxsi statistikamı yaxşılaşdırmağım lazımdır.
- Sosial şəbəkələrdə sizin bahalı xarici avtomobil aldığınız və onun şəklini paylaşdığınız bildirilir...
- (gülür) Mən haqqımda yazılanları oxumasam da, uşaqlar danışıblar. Sizə deyim ki, mənim elə bir avtomobilim yoxdur. Bu, mənim dostumun maşınıdır. Doğrudan da yaxşı maşındır. Ona görə də yanında şəklimi çəkdirmişəm.
