Xaqani Məmmədov Əliyar Ağayevlə bağlı suallara aydınlıq gətirdi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov FİFA referisi Əliyar Ağayevin son iki turda Topaz Premyer Liqasının oyunlarına təyinat almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəs siz niyə Fariz Yusifovla Rauf Cabbarovun da təyinat almamasını soruşmursunuz? Biz öyrəşmişik ki, hakim iki tur təyinat almırsa, deməli, o, cəzalıdır. Futbolun inkişaf etdiyi ölkələrdə hakimlər ayda iki matça təyinat alırlar. Beynəlxalq tələblərə görə, ölkə çempionatında neçə klub varsa, o qədər də baş hakim olmalıdır. Bizim də 10 referimiz var. Biz də hər turda bir hakimə istirahət verməklə rəqabət yaratmağa çalışırıq. Yuxarıda qeyd etdiyim bütün hakimlər, eləcə də Ağayev 22-ci turun oyunlarına təyinat alacaqlar.
Yeri gəlmişkən, biz yayda Əliyarın birinci kateqoriyalı hakimlər sırasında yer almasını gözləyirik. Ən uzağı bu ilin dekabr ayında. Bəzi insanlar deyirdilər ki, yaxın 2-3 il ərzində azərbaycanlı hakimlər avrokubok oyunlarında idarəçilik edə bilməyəcəklər. Amma Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununu idarə etdi".
