Bədavi Hüseynov: Neftçi üzərində də qələbə qazanmaq istəyirik
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları 2:1 hesablı səfər qələbəsindən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Kəpəz" üzərində qələbəniz çox çətinliklə başa gəldi...
- Oyun doğrudan da ağır alındı. Prinsipcə, Gəncədə istənilən qonaq komanda üçün çətin olur. Bu oyunda atmosfer çox super idi. Azərbaycan çempionatının oyunlarında bu qədər azarkeşi təsadüfi hallarda görmək olar. Bütün çətinliklərə baxmayaraq, biz üç xal qazanmağı bacardıq. Klubların əksəriyyəti orada xal itirir. Ona görə də bizim bu qələbəmiz çox vacib idi.
- Bəs qələbənin bu qədər çətinliklə əldə olunmasını nə ilə izah edərdiniz?
- Qazonun pis vəziyyətdə olması oyunumuza təsirini göstərdi. Buna görə biz heç də ən yaxşı oyunlarımızdan birini göstərmədik. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və öz oyunumuzu sərgiləməyə çalışdıq.
- Bəs "Qarabağ" nəyin sayəsində qələbə qazandı?
- Belə oyunlarda standart vəziyyətlər ön plana çıxır. Biz də künc zərbələrindən yaxşı yararlandıq.
- "Qarabağ"ın ikinci hissədəki oyununun alınmaması nə ilə bağlı idi?
- Qazonun vəziyyəti normal oyun göstərməyə imkan vermirdi.
- Müqavilə ilə klubunuza məxsus olan Namiq Ələsgərovun komandanıza qol vurmasını necə qarşıladınız?
- Onun əvvəlki formasını bərpa etməsi məni də sevindirir. Bu futbolçunun böyük potensialı var. Ümid edirəm ki, daha da artıracaq.
- Rəşad Sadıqovun rəqib hücumçu Julien Ebahla toqquşduğu epizodla bağlı nə deyə bilərsiniz? Sizcə, "Kəpəz"in oyunçusu Rəşada qarşı qəsdən belə oynadı?
- Onun bunu qəsdən edib-etmədiyini deyə bilmərəm. Amma onu bilirəm ki, Rəşad ağır zədə aldı. Baş hakim həmin epizodda düzgün qərar qəbul etməliydi.
- Əfran İsmayılovun künc zərbəsindən vurduğu qol haqda nə düşünürsünüz?
- Çox gözəl qol alındı. Əfrandan belə şedevri heç kim gözləmirdi.
- Qarşıda "Neftçi" ilə oyun var. Qalib gələ biləcəksiniz?
- Qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, "Neftçi"yə də qalib gələcəyik.
