Vəli Qasımov: Neftçinin 3-cü yeri tutması tamamilə mümkündür
"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" qış fasiləsindən sonra turnir cədvəlinin alt pillələrində qərarlaşan komandalarla oyunlarda 7 xal toplasa da, inamlı futbol sərgiləmədi. Bu, sizi qane edir?
- Bizim belə rəqiblərlə oyunlarda həmişə problemlərimiz olub. Amma qarşıda daha ciddi üç imtahan var. "Qarabağ", "Zirə" və "Qəbələ" ilə qarşılaşacağıq. Futbolçularımız hazırda yaxşı səviyyədədirlər. Potensial var. Düzgün yoldayıq.
- "Qarabağ"la görüşdən nə gözləyirsiniz?
- Hazırda bu komanda Premyer Liqanın digər bütün klublarından fərqlənir. Onların çox yaxşı ifaçıları var. Buna baxmayaraq, biz də yaxşı oyun sərgiləməyə çalışacağıq.
- "Neftçi" bu mövsüm ən yaxşı oyunlarını elə "Qarabağ"a qarşı keçirib. Birinci oyunda heç-heçəyə, ikincidə qələbəyə imza atıb...
- Bu, şübhəsiz ki, rəqibi çox ciddi narahat edir. Yəqin ki, onlar bunun əvəzini çıxmağa çalışacaqlar. Çətin ki, yenidən uduzmaq istəsinlər.
- "Neftçi" qeyri-sabit çıxış etdiyi üçün turnir cədvəlinin ikinci hissəsindən çıxa bilmir. Bu, sizi narahat etmir?
- Qarşımıza avrokuboklara çıxmaq hədəfi qoyulub. Deməli, ən azından üçüncü yeri tutmalıyıq. Turnir cədvəlindəki sıxlığı nəzərə alsaq, buna nail ola bilərik. Azarkeşlərin də tədricən stadiona qayıtmağa başlaması sevindirməyə bilməz. Bu yolda komandaya dəstək də lazımdır.
- Vaxtilə İspaniyada legioner həyatı yaşamısınız. U-21 yığmamızın üzvü Elnur Cəfərovun İspaniya Sequndasında çıxış edən "Real Ovyedo"nun düşərgəsinə baxışa yollanmasını necə qarşıladınız?
- Şadam ki, futbolumuz belə bir imkan əldə edib. Bu komandanın La Liqa təmsilçisi olmaması sizi qorxutmasın. Elnura məhz Sequnda liqada başlamaq və oynamaq daha asan olacaq. Sequnda liqa çox ciddi turnirdir. Ümid edirəm ki, onun İspaniya karyerası uğurlu alınacaq.
- Cəfərovun orada möhkəmlənmək şansı var?
- Elnurun yaxşı potensialı var. İspaniya futbolunda da peşəkarlar çalışırlar. Onlar futbolçumuzda hansısa keyfiyyətlərin olduğunu dərhal hiss edəcəklər. Hansı ki, Elnurda xeyli yaxşı keyfiyyətlər var. Sadəcə, intizamlı olmaq lazımdır. Avropada buna çox ciddi diqqət yetirirlər. Cəfərovun İspaniyaya uyğunlaşması üçün bir il vaxt lazım gələcək. Vətən üçün darıxmasa, öz üzərində çalışsa, hər şey yaxşı olacaq.
