Elnur Zamanov: Tarix yazıb, ilk dəfə DÇ-də oynamağı çox istəyirik
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Elnur Zamanov dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçiriləcək pley-off oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunlar çətin olacaq. Çünki bu mərhələdə asan rəqib olmur. Hollandiyaya uduzsaq, bunun nə dərəcədə şok effekti yaradacağını indidən deyə bilmərəm. İki il əvvəl şok olacağını deyərdim. Amma indi futzal hər yerdə inkişafdadır. Mənim fikrimcə, Hollandiyaya qalib gələcəyik. Tarix yazıb, dünya çempionatına vəsiqə qazanmağı çox istəyirik. Dünya çempionatı şəxsən mənim üçün karyeramda sonuncu yarış ola bilər. Bu üzdən də qarşıdakı oyunlara çox ciddi hazırlaşacağam. Baş məşqçi şans versə, oyunlara çıxmağa hazır olacağam. AÇ-2016-nın oyunlarına da hazır idim. Sadəcə, baş məşqçi Rövşən Hüseynliyə şans verdi. İnanıram ki, Rövşən zaman keçdikcə daha güclü qapıçı olacaq. Bu yolda ona hərtərəfli kömək etməyə çalışacağam".
