Bonilya: Hədəf çempion olmaq yox, mümkün qədər üst pillələrdə qərarlaşmaqdır
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi azerispot.az saytının suallarını cavablandırıb.
- "Zirə" qış fasiləsindən sonrakı oyunlarda uğurlu çıxış edir. Bu uğuru nə ilə izah edərdiniz?
- Biz hər bir oyuna vahid komanda kimi yaxşı hazırlaşırıq, çox çalışırıq. Qələbələrimizin, uğurlarımızın da sirri bundadır.
- "Sumqayıt"a qarşı keçirdiyiniz son oyun vurduğunuz qoldan başqa daha nə ilə yadda qaldı?
- Qələbə qazansaq da, çox ağır oyun oldu. Bütövlükdə, çempionatda asan oyun yoxdur. Hər bir görüşdə sonadək mübarizə aparmaq lazımdır. Xüsusiə diqqətli oynamaq lazım gəlir.
- Qarşıda sizi problemlərdən əziyyət çəkən "Rəvan"la oyun gözləyir...
- Rəqib sonuncu pillədə gedə bilər. Amma mənə elə gəlir ki, çətin oyun olacaq. Çox ciddi hazırlaşırıq. Qələbə seriyamızı davam etdirməliyik.
- Komandanız hər kəsi təəccübləndirməyə davam edir. Yəqin ki, bu gedişlə avrokuboklara vəsiqə qazanmağa çalışırsınız...
- Əsas hədəfimiz Premyer Liqada uğurlu çıxış etməkdir. Sonda necə olacaq, görəcəyik. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- Lider "Qarabağ"ın əsas izləyicisiniz. Bu komanda ilə çempionluq uğrunda mübarizə apara biləcəksiniz?
- "Qarabağ" güclü klubdur, çempiondur. Bizim əsas hədəfimiz isə yaxşı oynamaq və mümkün qədər yaxşı yer tutmaqdır.
- Mövsümün ilk yarısında uğurlu çıxış etdiyinizi nəzərə alsaq, digər klublardan təklif almamısınız?
- Mən ancaq "Zirə" barədə düşünürəm. Sonra necə olacağını yayda görəcəyik.
- Premyer Liqamızın ən yaxşı futbolçuları "Qarabağ"da oynamaq istəyir. Bəs siz?
- "Qarabağ"? Məni ancaq "Zirə" maraqlandırır.
- Premyer Liqada ən yaxşı futbolçu kimi hesab edirsiniz?
- Tatonu. O, möhtəşəm futbolçudur. Bunu heç də onunla bir komandada çıxış etdiyimə görə demirəm. O, doğrudan da yüksək səviyyəli oyunçudur.
- Siz Salvador yığmasının üzvüsünüz. Özünüzü bu komandanın Azərbaycana qarşı yoxlama oyununda sınamaq istəmirsiniz?
- Əlbəttə, istərdim. Super olardı. Bu, həm Salvador, həm də Azərbaycan tərəfi üçün maraqlı olardı.
