Kamran Quliyev: Ardıcıl üç məğlubiyyətdən sonra komandanı sanksiya gözləyir
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi
- "Sumqayıt" "Neftçi" (0:1) və "Zirə"yə (0:2) məğlubiyyətlərdən sonra ötən gün "Qəbələ"yə də uduzdu (0:1). Qış fasiləsindən sonra belə start gözləyirdiniz?
- Əlbəttə, yox. Bu, bizim gözlədiyimizdən çox aşağıdır. Üçüncü dövrəyə çox pis başladıq. Halbuki, qış fasiləsindən sonra daha yaxşı çıxış edəcəyimizi gözləyirdik. Əlbəttə, qarşımıza üç oyuna 9 xal toplamaq hədəfini qoymamışdıq. Amma hər şey mümkün idi. Buna nail ola da bilərdik. Biz komanda ilə tez-tez söhbətləşirik. Şübhəsiz ki, ardıcıl üç məğlubiyyətdən sonra komandanı sanksiya gözləyir.
- Kimi nəzərdə tutursunuz?
- Oyunçuları. Biz daha çox futbolçulardan narazıyıq.
- Bəs sanksiyalar hansı ölçüdə olacaq?
- Futbolda cəza növlərindən biri oyunçunu əvəzedici komandaya göndərməkdir. Bu, öz işinin öhdəsindən gələ bilməyən müəyyən futbolçulara aiddir. Onlar öz işlərinə qeyri-peşəkar yanaşırlar. Əks halda biz indi turnir cədvəlində daha yaxşı yerlərdə qərarlaşmış olardıq.
- Bəs məşqçilər korpusunun bu uğursuzluqda nə dərəcədə günahı var?
- Məğlubiyyətlərə görə əsas günah futbolçulardaır. Məşqçilər Korpusu da məsuliyyət daşıyırlar. Amma mənim müşahidələrimə əsasən, onlar özlərindən asılı olan hər şeyi edirlər. Məşqçilər də səhv edə bilərlər. Amma mən ilk növbədə futbolçularda oktyabr ayından sonrakı aqressivliyi görə bilmirəm. Üç turdur qol vura bilmirik. Hər oyunda qol vəziyyətləri yaradırıq. Onları reallaşdırmağımız lazımdır. Az qol vurmağımız bizi qətiyyən razı salmır.
- Sizcə, pul cəriməsindən sonra futbolçular daha yaxşı çıxış edəcəklər? Bu, deyəsən Azərbaycan futbolunda ən sərt cəzadır...
- Ən sərt cəza həmin futbolçuları komandadan uzaqlaşdırmaqdır. Pul cəzasına gəlincə, bu da istisna deyil. Bizim müəyyən hədəflərimiz var, buna da nail olmaq lazımdır. Əks halda futbolçular üçün cəzalar qaçılmaz olacaq.
- Samir Abasova inam kreditiniz nə qədərdir?
- Kifayət qədər çox. Mən onun və məşqçilər korpusunun komandanın uğur qazanmasında nə qədər maraqlı olduğunu görürəm. Məhz onun böyük istəyi nəticəsində komanda Türkiyəyə təlim-məşq toplanışına yollandı. Halbuki, həmin vaxt əksər klublarımız ölkə ərazisindəki hazırlıqla kifayətləndilər. Futbolçular bunu qiymətləndirməli idilər. Abasov bunu xahiş, hətta tələb etdi. Məşqçilər qələbə qazanmaq üçün nə lazımdırsa, edirlər. Amma nətixə yoxdur. Deməli, futbolçular nəyisə sonadək etmirlər.
- Qarşıda AZAL-la oyun var...
- Bizim üçün vacib oyundur. Oyunçular düşdüyümüz vəziyyəti dərk etməli və layiqli çıxış etməlidirlər.
