Ermin Zets: Bu qələbə çox vacib idi
Topaz Premyer Liqasının 20-ci turunda “İnter”lə qarşılaşan “Qəbələ” mövsümün ikinci yarısında ilk qələbəsini qazandı. Azerisport.az xəbər verir ki, səfər oyununda hesabına 3 xal yazan bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi Ermin Zetsin qolu sayəsində gerçəkləşib. Bosniya və herseqovinalı hücumçu görüş haqda fikirlərini klub saytına açıqlayıb:
“Son turlarda qalib gələ bilmədiyimizdən bu qələbə bizim üçün çox vacib idi. 3 xal qazanmaq vəzifəsinin öhdəsindən gəldik. “İnter” çox yaxşı komandadır. Onlara qarşı oynamaq həmişə çətindir. Bu matç da ağır oyun oldu. Amma yaranan qol imkanından istifadə edib, qalib gələ bildik. Komanda şəklində mübarizə aparıb, öz oyunumuzu nümayiş etdirdik. Qarşıdakı görüşlərdə də sonadək mübarizə aparacağıq. Fikrimcə, bu qələbə komandamız üçün yeni uğurların başlanğıcı olacaq. Düşünürəm ki, “İnter”i məğlub etməklə qələbə seriyasına başladıq. Bunun davamını gətirmək üçün əlimdən gələni etməyə, hər matçda qol vurmağa çalışacağam. Təbii ki, əsas 3 xal qazanmağımızdır. Qələbə qolunu vurduğum üçün sevinirəm. Lakin daha vacib olan qələbəmiz idi. Qol epizoduna gəlincə, həmin vaxt topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim. Amma top ayağıma düşəndən sonra yalnız ona dəqiq zərbə vurmaq haqda düşündüm”.
