Rəşad Sadiqov: Qarabağın AZAL-a məğlubiyyətini sensasiya hesab etmirəm
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter"lə oyundan nə gözləyirsiniz?
- "İnter" çox yaxşı komandadır. Amma biz də bu mövsüm avrokuboklarda oynamışıq. İstənilən rəqibə qalib gələ bilərik. Bu oyunda da qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik.
- Amma komandanız qış fasiləsindən sonrakı ilk oyununda heç kimin gözləmədiyi halda "Kəpəz"ə 3 cavabsız qolla uduzdu...
- Artıq həmin məğlubiyyəti unutmuşuq. İndi komandada əla atmosfer hökm sürür.
- Yəqin ki, həmin oyundan sonra məşqçiləriniz müəyyən analizlər aparıblar və səbəblər məlumdur...
- Həmin oyunda biz komanda olaraq zəif çıxış etdik. Üstəlik, qazonun vəziyyəti də oyunumuza təsirsiz ötüşmədi.
- Amma əksəriyyət məğlubiyyətdə daha çox Andrey Popoviçi günahlandırırdı...
- Bəli, məğlubiyyətdə o da günahkardır. Amma bütün günahlar onda deyil. Yəni tək günahkar qapıçı deyil. Uduzmuşuqsa, hamımız günahkarıq.
- Qələbə qazansaydınız, liderə daha da yaxınlaşa bilərdiniz. Çünki sizin kimi, "Qarabağ" da turu məğlub başa vurmuşdu...
- "Qarabağ"ın AZAL-a məğlubiyyətini sensasiya hesab etmirəm. AZAL döyüşkən komandadır. Tərlan Əhmədovun komandası istənilən rəqibə qalib gələ bilər.
- Yeri gəlmişkən, "Qarabağ"la "Qəbələ"nin həmin məğlubiyyətindən sonra belə bir fikir formalaşmışdı ki, evdə hazırlıq keçən klublar Antalyada toplanışda olan komandalardan daha yaxşı təsir bağışlayır...
- Bu, düzgün yanaşma deyil. "Zirə" də "İnter"ə qalib gəldi. Onların hər ikisi Türkiyədə hazırlıq keçmişdi. İlk turlarda hər şey ola bilər.
- Pavel Paşayevin komandanıza transferi barədə nə deyə bilərsiniz?
- Zaman göstərəcək. Roman Qriqorçuk Paşayevin "Qəbələ"yə nə dərəcədə kömək edəcəyini Roman Qriqorçuk yaxşı bilər.
