Zaur Axundov: Qələbəyə baxmayaraq, millinin sərgilədiyi oyundan çox narazı qaldım
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AÇ-2016-nın final mərhələsi çərçivəsində Çex Respublikası üzərində qazanılan 6:5 hesablı qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Turnir yüksək səviyyədə keçir. AÇ-nin öz standartları var. Bu da iştirakçı komandaların hamısı üçün cəlbedicidir. Ötən gün biz Çexiya üzərində vacib qələbə qazandıq. Buna baxmayaraq, mən komandamızın sərgilədiyi oyundan çox narazı qaldım. Komandamız çoxlu səhvə yol verdi. Bu gün bununla bağlı komanda üzvləri ilə söhbətimiz olacaq. Peşəkar komanda bu qədər uşaq səhvləri buraxmamalıdır. Çünki bu səhvlər qapımıza qolla nəticələnir. Ötən gün 4-5 top fərqi ilə qalib gəlməli idik. Belə oyundan sonra qələbəyə sevinə bilmədim. Artıq Çexiya - İtaliya matçının nəticəsini gözləyirik. Ümid edirik ki, heç bir sürpriz olmayacaq".
