Səlahət Ağayev: İnteri incik tərk etməmişəm
"Sumqayıt"ın qapıçısı Səlahət Ağayevin azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə məğlub olduğunuz oyun "Sumqayıt"da sizin üçün ilk oldu. Bu görüşlə bağlı nə deyə bilərsiniz?
- Biz yaxşı oynadıq. Rəqibə demək olar ki, heç nədə uduzmurduq. Sadəcə, "Neftçi" bizdən fərqli ələ düşən şansdan yaxşı yararlandı.
- Birinci hissədən fərqli, ikinci yarıda oyununuz getmədi...
- Fasilədə ciddi bir dəyişiklik olmadı. Hər kəs ən yaxşı oyununu sərgiləməyə çalışırdı. Amma sonda uğur "Neftçi"nin tərəfində oldu.
- Sizə elə gəlmir ki, "Sumqayıt"dan fərqli, "İnter"də müdafiə xətti sizə daha çox kömək edirdi?
- Bu komandaları müqayisə etmək istəməzdim. Hər birinin öz oyun üslubu var. Mən "Sumqayıt"ı seçmişəm. Debüt oyunları həmişə çətin olur. Allah eləsin ki, növbəti oyunlarda daha yaxşı olsun.
- Oyununuzdan narazı qaldınız?
- Mən bu barədə danışmasam yaxşıdır. Uduzmuşuqsa, deməli, pis oynamışıq.
- Siz "İnter"i "Sumqayıt"a görə tərk etməmişdiniz. Bəs niyə Türkiyəyə getmək əvəzinə bu kluba gəldiniz?
- Türkiyə birinci divizion klubunda oynamaqdansa, "Sumqayıt"da çıxış etmək yaxşıdır. Mən Türkiyə Super Liqasında oynamaq istəyirdim, təklif də var idi. Amma mövsümün ortasında müqavilə bağlamaq çətin olur. Yaya qədər burada oynayacağam. Yayda isə ilk işim xaricdə oynamaq olacaq.
- "İnter"ə yeni rəhbərlik gələndən sonra vəziyyət yaxşılaşmağa başlayıb. Bu klubu tərk etdiyinizə görə peşman deyilsiniz?
- Xeyr. Klub prezidenti ilə söhbətim olmuşdu. Mən ki "İnter"dən incik ayrılmamışdım. Bütün uğurlarıma görə bu kluba borcluyam. Orada mənə çox kömək olublar. Amma futbolda hərdən elə olur ki, ayrılmalı olursan.
- Bəzi mütəxəssislər sizin "İnter"i tərk edib, "Sumqayıt"a keçməyinizi anlaşılmaz qərar sayır. Çünki paytaxt klubu indiki komandanızdan fərqli avrokuboklara çıxmağa daha yaxındır...
- "Sumqayıt" gənc klubdur. Həm də indidən avrokuboklara hansı klubların gedəcəyini heç kim proqnozlaşdıra bilməz.
- Təsadüfən sizin "İnter"dən ayrılmağınız Kamran Ağayevin transferi ilə bağlı deyil?
- Xeyr. Kamranla danışdım. O, belə bir variant olduğunu dedi. Məşqçi ilə söhbət etdim. Mənə dedilər ki, "qayıtmasan, Kamranı alacağıq". Mən də qayıtmaqdan imtina etdim və Kamran "İnter"ə keçdi.
