Millimiz FİFA reytinqində mövqeyini qorudu
FİFA yığma komandaların fevral ayı üçün yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yanvar ayındakı mövqeyini qoruyub.
Belə ki, millimiz yenə də 116-cı pillədədir. Robert Prosineçkinin çalışdırdığı komandamızın hesabında 296 reytinq xalı var.
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin sıralaması belədir: Almaniya (4-cü yer, 1347 xal), Çexiya (25, 860), Şimali İrlandiya (29, 825), Norveç (50, 591), San-Marino (198, 28).
Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiya (23, 895), Ukrayna (27, 842), Belarus (67, 514), Özbəkistan (71, 489), Estoniya (88, 379), Latviya (100, 338) və Qırğızıstandan (105, 324) geri qalır. Əvəzində millimiz Gürcüstan (120, 286), Ermənistan (123, 285), Litva (128, 274), Qazaxıstan (131, 266), Tacikistan (148, 196) və Moldovanı (155, 170) qabaqlayır.
İlk onluqda qərarlaşan komandaların sıralaması isə aşağıdakı kimidir: Belçika (1494), Argentina (1455), İspaniya (1370), Almaniya (1347), Çili (1293), Braziliya (1251), Portuqaliya (1219), Kolumbiya (1211), İngiltərə (1106) və Avstriya (1091).
Fevral ayının ən yaxşı komandası 21 pillə irəliləyərək 110-cu pilləyə qalxan Fələstindir. Liviya isə 24 pillə geriləyərək, 105-ci sırada qərarlaşıb.
