Rizvan Fərzəliyev: Çexləri məğlub edib, pley-offa çıxacaq gücdəyik
Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev AÇ-2016-nın final mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- AÇ-də ilk oyunumuza çıxmışdıq. Rəqibin statusuna baxmayaraq, meydana qələbə üçün çıxmışdıq. İtaliya üstünlüyə malik idi. Amma biz onların qarşısını ala bilirdik. Sadəcə, ilk hissənin sonunda oyunçumuzun qırmızı vərəqə alması və azlıqda qalmağımız oyunda həlledici oldu. Onlar say üstünlüyündən dərhal yararlandılar.
- Bəs ikinci hissədə oyunçu sayı bərabər olarkən niyə fərqlənə bilmədiniz?
- İkinci hissə başlayan kimi səhvə yol verdik və adi bir epizodda qol buraxdıq. Həmin qol bizim oyunumuzu korladı. Qol vurmağa çalışsaq da, alınmadı. Buraxdığımız qollar da öz səhvimizin nəticəsi idi, rəqibin üstünlüyünün yox.
- Deməli, İtaliya ilə oyunun taleyini qırmızı vərəqə həll etdi?
- Mən belə deməzdim. Futzalda 0:1, 0:2 və ya 0:3 məğlub durumda olarkən artıq oyunun taleyinin həll olunduğunu demirlər. Fərqlənmək, məğlubiyyətdən yaxa qurtarmaq, hətta əzmkar qələbə də qazanmaq olar. İtaliya ilə qarşılaşmada isə bizim oyunumuz alınmadı.
- Azərbaycan yığmasının hücumlarının kəsərsiz olması rəqibin yaxşı müdafiə olunmasından irəli gəlirdi, ya millimiz daha çox müdafiə barədə düşünürdü?
- Müdafiədən oynadığımızı deməzdim. Əksinə, italyanları ilk dəqiqələrdən qapılarına doğru sıxışdırmağa çalışırdıq. İkinci hissədə bu, bizdə daha yaxşı alındı.
- Bəlkə, iki il öncəsi 0:7 hesablı məğlubiyyətin qisasını düşünməyiniz oyuna təsirini göstərdi?
- Deməzdim. O vaxt biz baş məşqçinin zəif taktikası ucbatından məğlub olmuşduq. Bu dəfə isə iki il əvvəlkindən daha yaxşı oynadıq. Biz ən azından heç-heçə etmək istəyirdik ki, Çexiya ilə oyunda yaxşı şans qazanaq. Uduzduq. Lakin bu, faciə deyil. Qarşıda çexlərlə həlledici oyun var. Fikrimcə, onları məğlub edib, pley-offa çıxa biləcək gücdəyik.
- Çexlər sizin haqqınızda daha geniş məlumata malikdirlər, nəinki siz onlar barəsində...
- Bizim də onlar barədə informasiyamız var. Məşqçilərimiz çexlər haqqında bizə ətraflı məlumat verəcəklər.
- Çexiya yığmasının güclü müdafiə xətti var. Bu, bizim şanslarımızı azaltmır?
- Bizim hədəfimiz bu görüşdə üç xal qazanmaqdır. Qırmızı vərəqə aldığına görə, Amadeu qarşıdakı oyunda iştirak edə bilməyəcəyək. O,vacib oyunçudur. Amma əvəzedici oyunçularımız da var.
