Bəhmən Həsənov: Bizim əsas problemimiz pulda yox, bankladır
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov komandadakı problemlərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçulardan "Neftçi" ilə növbəti oyunumuza çıxmaq istəmədiklərini eşitməmişəm. Bu barədə mətbuatda yazılanları mən də oxumuşam. Bu gün məşqdə uşaqlara da dedim ki, onların məşqə gəlməyəcəyini düşünüb özüm də bir-iki gün istirahət etməyi düşünürdüm (gülür). Bəlkə hansısa futbolçular rəhbərliyi tələsdirmək istəyir? Komanda yanvar ayının maaşının bir hissəsini alıb. Qalan hissəsi də qarşıdakı oyuna qədər verilməlidir. Qalır noyabr və dekabr ayının maaşı. Bizim əsas problemimiz pulda yox, klubumuzun işbirliyində olduğu bankladır. Çünki həmin banka lisenziya verilməkdən imtina edilib. Buna görə də maliyyə əməliyyatlarında problem yaranıb. Lənkəranda istədiyimiz kimi oynaya bilmədik. Bu da daha çox qazonun pis vəziyyətdə olmasından irəli gəlirdi. "Neftçi" ilə görüşdə isə belə problem olmayacaq. Problemlərə baxmayaraq, uşaqlarda əhval-ruhiyyə yaxşıdır. İtiriləsi heç nəyimiz yoxdur".
