Qara Qarayev: Zirənin fərqi azaltması bizim üçün yaxşıdır
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- AZAL-la çempionat oyununda məğlubiyyətinizə nə səbəb oldu?
- Fasilədən sonrakı ilk oyunlarımız həmişə çətin keçir. Qol vurmaq üçün kifayət qədər şanslarımız oldu. Amma elə alındı ki, birinci qolu rəqib vurdu və üstünlüyünü sonadək qorudu. Hər halda bu məğlubiyyət bizim üçün yaxşı dərs oldu. AZAL layiqli qələbə qazandı.
- Bəlkə komanda Türkiyə toplanışının ab-havasında idi və çempionat oyununa çıxdığını tam dərk etmirdi?
- Bunun da müəyyən təsiri oldu. Antalyada tamamilə fərqli atmosfer var idi. Yaxşı şəraitə tez alışırsan. Amma Bakıda qalan klublar buradakı şəraitə uyğunlaşmışdılar, onlara çətin olmadı.
- Sosial şəbəkələrdə azarkeşlər yazırlar ki, indi Yevlaxda hazırlıq keçmək Antalya toplanışından daha faydalıdır...
- (gülür) Bu, düzgün yanaşma deyil. Həm də bu hazırlığı bir tura görə yox, bütövlükdə mövsümə görə dəyərləndirmək lazımdır.
- Bəs sizdən qat-qat az maaş alan futbolçulara uduzmaq biabırçı deyil ki?
- Bizim onlara məğlubiyyətimizi belə də şərh etmək düzgün deyil. Biz bu pulları elə-belə yerə almırıq. Çünki komandamızın üzvləri ardıcıl iki mövsümdür Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyir.
- "Zirə" sizin xal itkinizdən maksimum yararlanıb, xal fərqini altıya endirdi...
- Yaxşı komandadır. Bunu öz nəticələri ilə də sübut edirlər. Bu, bizim üçün müsbət haldır. Çünki arxayınlaşmarıq.
- AZAL-la oyunda start heyətdə sizə yer tapılmamışdı. Orta xəttdəki rəqabəti son illərin ən güclüsü adlandırmaq olar?
- Rəqabət təbii ki, çox ciddidir. Amma bunu dramatikləşdirmək istəməzdim. Bizdə hamı oynayacaq. Baş məşqçinin də seçiminə hörmətlə yanaşıram.
- Bu rəqabətdə sizin hansı rolunuz var?
- Oynasam da, oynamasam da, bu komandanın bir üzvüyəm. Potensialım hər kəsə yaxşı bələddir. Şübhəsiz ki, mən də daha çox oynamaq istəyirəm. Formada olsaydım, komandama daha çox fayda verərdim. Həm də mənə elə gəlir ki, belə məsələləri tez-tez müzakirə etmək lazım deyil. Belə şeylərə baş məşqçi qərar verir və kiminsə buna qarışmağa haqqı yoxdur.
- Qarşıda sizi AZAL-dan da acınacaqlı vəziyyətdə olan "Xəzər Lənkəran"la oyun gözləyir...
- Belə böhranda olan komandalar bizə qarşı həmişə yaxşı mübarizə aparıblar. Onlara qarşı oynamaq çox çətin olur. AZAL-la oyun da bir siqnal idi. Fikrimcə, biz onları öz meydanımızda mütləq məğlub etməliyik.
