Tərlan Əhmədov: İndiki büdcə ilə avrokuboklara çıxmağa dəyməz
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- AZAL-ın sizdən daha yaxşı hazırlıq keçən, daha güclü heyətə və maliyyə imkanlarına malik "Qarabağ"a qalib gələcəyini gözləyirdiniz?
- Rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyuna qələbə üçün çıxırıq. Son beş turdakı uğurlu nəticələr futbolçularda özünəinamı artırmışdı. Qələbəyə oynamaq üçün yetərli gücümüz də var. Əvvəlki oyunların nəticəsi və sərgilədiyimiz futbol da qələbəyə ümid verirdi. Öz gücümüzə inam olmasaydı, çətin ki, "Qarabağ"la oyunda nəyəsə nail olardıq. Amma etiraf edim ki, bu oyunda uduza da bilərdik. Sadəcə, rəqib həlledici məqamlarda qeyri-dəqiq oynadı. Biz hətta məğlub durumda olarkən də ruhdan düşmürük, mübarizəmizi sonadək aparırıq. Bu qələbəni xərçəng xəstəliyi aşkarlanan Rüfət Musayevə həsr edirik.
- Mövsümə çox uğursuz start verən komandanın belə uğurlu oynamağa başlaması çətin ki, təkcə özünəinamla bağlı olsun. AZAL-ın son qələbələrinin başqa hansı sirri var?
- Komandada bir ailə mühiti formalaşdırmışıq. Komandanın Rail Məlikov kimi yaxşı kapitanı var. O, bizə çox kömək edir. Uşaqlar gözəl bilirlər ki, bizim digər klublarla maliyyə baxımından yerlə göy qədər fərqimiz var. Premyer Liqamızda elə futbolçular var ki, onların bir aylıq qazancı bizim oyunçuların il ərzində aldığından çoxdur. Mövsümün əvvəlində bizi çox tənqid edirdilər. Amma biz öz işimizlə göstərdik ki, futbol oynamağı bacarırıq.
- Yəni, son nəticələriniz təsadüfi deyil?
- Təsadüfən bir oyunda qələbə qazana bilərsən, altı tur ardıcıl uğurlu nəticəyə imza ata bilməzsən. Mən ümümiyyətlə, təsadüflərə inanmıram. Mənim üçün sadəcə, qanunauyğunluq var. Çünki biz bu görüşlərdə heç qapımızda qol da görməmişik.
- Sizcə, AZAL-ın qapısını David de Xea (İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı - red.) qoruyur?
- (gülür) Qapıçı baxımından problemimiz yoxdur. Biz çox əziyyət çəkmişik, indi də onun bəhrəsini görürük. Bunların hamısı gördüyümüz işin nəticəsidir. Amma heyətdə hələ də problemlərimiz var.
- Elə isə bu mövsümkü hədəfiniz nədən ibarətdir?
- Mövsümün əvvəlində bu sual veriləndə, çempionatda qalmaq uğrunda mübarizə aparacağımızı demişdim. İndi də çempionluq uğrunda mübarizə aparacağımızı iddia edə bilmərəm. Amma avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, ondan yararlanmağa çalışmalıyıq. Biz rəqiblərimizə yalnız maliyyə baxımından uduzuruq, qalan heç nədə kimdənsə geri qalmırıq. Bundan sonra necə olacağını zaman göstərəcək. Hələ çox şey dəyişə bilər. Məsələn, əvvəllər "Qarabağ"ın çempion olacağına heç kim şübhə etmirdisə, indi intriqa yenidən artmağa başlayıb.
- AZAL avrokuboklarda oynamaq üçün lisenziya ala bilər?
- Məndə olan məlumata görə, lisenziya baxımından hər şey qaydasındadır. Bizdə buna görə heç vaxt problem olmayıb.
- Bəs büdcə?
- Avrokuboklara vəsiqə qazansaq, bunu da yoluna qoymaq olar. Əminəm ki, rəhbərlik büdcəyə yenidən baxacaq. Çünki biz avrokuboklara elə ilk mərhələdəcə uduzub qayıtmaq üçün çıxmayacağıq. İndiki büdcə ilə biz bütün pulumuzu elə ilk səfərimizdəcə xərcləmiş olarıq. Bu büdcə ilə avrokuboklara yollanmaqdansa, çıxmamaq daha yaxşıdır.
