Anar Nəzirov: Qarabağa çata bilərik
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter" üzərində qələbə qazandıqları oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter" üzərindəki qələbə barəsində nə deyərdiniz?
- Bu, qış fasiləsindən sonrakı ilk oyunumuz idi. Turnir cədvəlində qonşu olan hər iki komanda üçün vacib oyun idi. Fikrimcə, biz bu görüşdə daha güclü olduğumuz üçün qələbə qazandıq. Nəticədə, ikinci pilləyə yüksəldik.
- Mövsümün əvvəlində komandanızın uğurlu çıxışı hər kəsi təəccübləndirirdi. İndiki nəticəni qanunauyğun saymaq olar?
- Tamamilə. "Zirə"nin hər oyunda meydana qələbə üçün çıxdığını hər kəs qəbul etməlidir. Amma bu, o demək deyil ki, bundan sonrakı hər görüşümüzü qalib başa vuracağıq. Sadəcə, komandamızın heyəti hər oyunda uğura ümid etməyə əsas verir.
- Elə isə "Zirə"dən bundan sonra nə gözləyək?
- Bundan sonra çətin olacaq. Üst pillələrə qalxmaq oradakı yerini qorumaqdan asandır. Rəqiblərimiz bizə qarşı daha istəkli oynayacaqlar. Bizim üçün "Rəvan", AZAL, "Qarabağ" və ya "Qəbələ"yə qarşı oynamağın fərqi olmamalıdır. Amma onu qeyd edə bilərəm ki, "Zirə" bu mövsümün bəzəyidir.
- Turnir cədvəlində ikinci və yeddinci yerdə qərarlaşan komandalar arasında 7 xallıq fərq var. Bir neçə uğursuz oyun sizi xeyli geri sala bilər...
- Bunu yaxşı anlayırıq. Çünki hətta səkkizinci pillədə olan "Sumqayıt"ın da avrokuboklara vəsiqə qazanmaq şansı var. Diqqətli olmalıyıq.
- "İnter" üzərində qələbə sizi son turda AZAL-a uduzan "Qarabağ"a da yaxınlaşdırdı...
- Xal fərqi artıq əvvəlki qədər çox deyil. Biz onlara çata bilərik. Çempionluq uğrunda mübarizə aparmağımızın mümkünlüyündən danışmaq istəməzdim. Amma hər şey qarşıdadır.
- Komandanız hətta avrokuboklara vəsiqə qazansa belə, iştirakınız sual altındadır...
- Bu artıq bizim işimiz deyil. Bununla klub rəhbərliyi məşğul olur. Bizim işimiz avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır.
- Əziyyətinizin boşa getməsindən qorxmursunuz?
- Təbii ki, avrokuboklara buraxılmasaq, üzücü olar. Buna nail oluruqsa, oynamalıyıq. Çünki avrokuboklarda bütöv bir mövsüm ərzində əziyyət çəkib, bunu haqq edənlər oynayırlar. Çox az adam inanardı ki, gənc bir klub belə uğurlu çıxış edəcək. Avropada "Zirə" kimi gənc bir klubun qısa müddət ərzində avrokuboklara necə çıxdığını isbatlaya bilərik.
- Manatın devalvasiyasından sonra klubunuzda vəziyyət necədir?
- Bu, bizim kluba da təsirsiz ötüşməyə bilməzdi. Amma rəhbərlik vəziyyəti yaxşılaşdırmağa çalışır. Maaş baxımından problemimiz yoxdur.
- Dollarla maaş alan futbolçu və məşqçi heyətinin rəhbərlikdən pullarının köhnə valyuta ilə istədiyi barədə xəbərlər doğrudur?
- Bəli. Bu, futbolçu və məşqçi heyətinin könüllü qərarıdır. Biz vəziyyəti nəzərə alıb, rəhbərliyə jest etmək qərarına gəldik. Çünki onlar indiyə qədər bizi heç vaxt çətin vəziyyətdə qoymayıblar.
