Cavid İmamverdiyev: Bizim də çempionluq şansımız qalır
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin azerisport.az saytına müsahibəsi
- Parlaq oyun sərgiləməsəniz də, "Sumqayıt"a qalib gəldiniz (1:0). Qış fasiləsindən sonrakı ilk rəsmi oyununuz barədə nə deyə bilərsiniz?
- Gərginlik oyuna təsirsiz ötüşmədi. "Sumqayıt" yaxşı komandadır, kompakt oyun sərgiləyir. Birinci hissədə bizə daha çətin oldu. Amma ikinci yarıda yaxşı çıxış etdik. Qol vəziyətləri yaratmağa başladıq. Belə oyunlarda bir qol matçın taleyini həll edə bilir. Komandanı təbrik edirəm. Artıq "Rəvan"la oyuna hazırlaşacağıq.
- İkinci hissədə təkbətəki niyə dəyərləndirə bilmədiniz?
- Topu saxlayanda artıq Səlahət Ağayev çox yaxında idi. Bu üzdən də topa zərbə vurduğum anda onu dəf etmək Səlahətə asan oldu. Növbəti oyunlarda qol vurmağa çalışacağam.
- "İnter" və "Zirə" üst pillələrdə yer tutsa belə, avrokuboklara buraxılmamaq təhlükəsi var. Razısınız ki, bu fakt sizin Avropa Liqasına vəsiqə qazanmaq şansınızı artırır?
- Buna fikir vermək istəmirik. "Neftçi" xalq komandasıdır, həmişə üst pillələrdə yer almaq istəyir, çempionluq uğrunda mübarizə aparır.
- Belə oyunla avrokuboklarda nəyəsə nail olmaq mümkündür?
- Bizi sabah avrokubok oyunu gözləmir ki. Bir oyuna görə diaqnoz qoymaq da düz deyil. Bizim gənc futbolçularımız çoxdur. Yaya qədər daha güclü, fərqli komandamız ola bilər.
- Siz doğrudan da çempionluq şansınızın qaldığını düşünürsünüz?
- Şans hələ itməyib. İnanıram ki, ən azından Avroliqada oynayacağıq.
- "Neftçi" ölkə ərazisində hazırlıq keçdiyi halda, "Sumqayıt" Türkiyədə hazırlaşmışdı. Sizin qələbəniz nəyinsə göstəricisi sayıla bilər?
- Deməzdim. Amerikada da toplanış keçirmək olar. Əsas komanda oyunudur, tablodakı nəticədir. Toplanış bizim üçün yaxşı keçdi, darıxmadıq. Əsgər Abdullayev hərdən bizi evə də buraxırdı. Bakı toplanışı xoşuma gəldi. Ümid edirəm ki, bundan sonra da belə olacaq.
