Mirzağa Hüseynpur: AZAL-a keçməklə düzgün seçim etdim
"Sumqayıt"ın sabiq hücumçusu, bir neçə gün öncə AZAL-a keçən Mirzağa Hüseynpur Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL-a keçidiniz barədə nə deyərdiniz?
- Klub rəhbərliyi mənə təklif göndərdi, qəbul etdim. Fikrimcə, düzgün seçim etdim.
- Niyə məhz AZAL?
- Daha çox Tərlan Əhmədov amilinə görə. Üstəlik, bu komandanın yaxşı kollektivi var. Buna görə də paytaxt klubunda oynamağa qərar verdim.
- "Sumqayıt"dan ayrılandan sonra "Xəzər Lənkəran"da məşq edirdiniz. Niyə orada qalmadınız?
- "Xəzər Lənkəran" rəhbərliyinə dəvətə görə təşəkkürümü bildirirəm. Amma mən daha sərfəli olan təklifi qəbul etdim.
- Yeri gəlmişkən, cənub klubunda vəziyyət necədi? Komanda mövsümün sonuna qədər oynaya biləcək?
- Lənkəran klubunda nə baş verdiyini bilmirəm. Amma onlara uğurlar arzulayıram.
- AZAL-dakı hədəfləriniz nədən ibarətdir?
- Yeni klubumun uğurları üçün əlimdən gələni edəcəyəm.
- Rusiyadan da təklif almışdınız. Niyə oraya getmək istəmədiniz?
- Özüm Rusiyaya getmək istəmədim. AZAL variantını seçdiyimə görə, digər təkliflər barədə danışmaq düzgün olmaz.
- Qış fasiləsindən sonrakı ilk rəsmi oyun "Qarabağ"a qarşı olacaq. "Sumqayıt"ın heyətində bu komandaya qol vurmuşdunuz. AZAL-ın da heyətində "Qarabağ"a qol vura biləcəksiniz?
- Qələbəyə oynayacağıq. Meydana çıxacağamsa, təbii ki, yenə "Qarabağ"a qol vurmağa çalışacağam. Amma buna nail olub-olmayacağımı dəqiq bilmirəm.
