Çingiz Abdullayev: Neftçi ən azından ilk üçlüyə düşməlidir
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Sumqayıt" üzərində qələbə qazandıqları oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Pis oynamadıq. Bunu hamı gördü. Rəqib də yaxşı oynadı. Buna baxmayaraq, biz qələbə qazanmağı bacardıq".
Klub rəhbəri komandanın baş məşqçisi Əsgər Abdullayevin yanvar toplanışından razı qaldığını bəyan edib: "Baş məşqçi hazırlıq prosesindən razı qaldığını deyir. Toplanış dövründə Bakıda keçirilən mini turnirin də qalibi olduq. Bu, ilin ilk mükafatı idi".
Abdullayev komandanın bundan sonrakı planlarından da söz açıb: "Mövsümün sonunda nəyin necə olacağını zaman göstərəcək. Amma inanıram ki, "Neftçi" mövsümün qalan hissəsini əvvəlkindən daha yaxşı keirəcək. Ən azından ilk üçlükdə yer almaq istəyirik".
O, "Neftçi"nin sabiq hücumçusu Emil Mpenzaya olan borcdan da söz açıb: "Biz bu borcu ödəməliyik. Başqa variant yoxdur. "Bu borcu ödəməmək olarmı" sualını mən də vermişəm. Deyiblər ki, heç cür mümkün deyil. Biz həmin futbolçu gedəndən sonra rəhbərliyə gəlmişik və onu görməmişik. Məsuliyyəti heç kimin üzərinə atmayacağıq. Məsələni özümüzü həll edəcəyik. Milyon manatdan artıq pul ödəməliyik".
