Rail Məlikov: Qarabağa üçüncü dəfə uduzmaq istəmirik
AZAL-ın kapitanı Rail Məlikovun azerisport.az saytına müsahibəsi
- Komandanız mövsümün qalan hissəsinə necə hazırlaşıb?
- Yaxşı. Bakıda təşkil olunan mini turnirin xüsusilə bizə böyük köməyi dəydi.
- Türkiyədə toplanış keçməməyiniz problem yaratmayacaq?
- Mənim üçün fərqi yoxdur. Oraya ancaq yoxlama oyunlarından ötrü gedirlər. Amma bizim bu baxımdan da problemimiz olmadı.
- Transferlərinizdən razısınız?
- Tamamilə. Yerli futbolçularla yanaşı, bir meksikalı futbolçu da alınıb. Fikrimcə, hamısı bizə faydalı olacaq.
- Amma turnir cədvəlindəki qonşunuz olan "Sumqayıt" daha səs-küylü transferlər etdi, üstəlik, Türkiyədə toplanışda oldu...
- Əlbəttə, adlar baxımından onların transferləri daha səs-küylüdür. Vaqif Cavadov ölkənin ən yaxşı hücumçularından biridir. Səlahət Ağayevi də hamımız yaxşı tanıyırıq. Amma bizim dəvət etdiyimiz futbolçular da zəif deyil. Onlar komandamızda rəqabəti artıracaqlar.
- Hədəfiniz nə olacaq?
- Ən azından mövsümün əvvəlindəki kimi beş ardıcıl məğlubiyyətlə üzləşmək istəmirik. (gülür)
- Motivasiya var?
- Əlbəttə. Bizim də öz hədəflərimiz var. Öncə beşinci pilləyə yüksəlmək istəyirik.
- "Qarabağ"la oyun barədə nə düşünürsünüz?
- Bizi ölkənin ən yaxşı komandası ilə duel gözləyir. Bu mövsüm onlara iki dəfə uduzmuşuq. Buna üçüncü dəfə imkan vermək istəmirik.
- Maliyyə vəziyyəti buna imkan verir?
- Deməzdim ki, hər şey yaxşıdır. Amma maaşlarımızı alırıq. Bu baxımdan da vəziyyətin yaxşı olacağına ümidliyik.
