Fasiləyə son, mövsümə davam
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünün ikinci yarısına start veriləcək. Azerisport.az xəbər verir ki, qış fasiləsinin ardından 2016-cı ilin ilk oyunlarına çıxacaq komandalar 19-cu turun qarşılaşmalarında üz-üzə gələcək.
Üçüncü dövrənin və turun açılış oyununda "Kəpəz” və “Qəbələ” qarşılaşacaq. “Qəbələ” son 3 oyunda bu rəqibinə qol vurub. Səfərdə çıxış edən komanda 6 matçdır qapısını toxunulmaz saxlaya bilmir. Bu müddətdə heç-heçə qeydə alınmayıb. Əvvəlki 10 oyunda hər komandanın 3 qələbəsi var. Daha dörd oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi isə "Qəbələ"nin xeyrinədir - 9:7. Bu mövsüm baş tutan oyunlara gəlincə, ilk görüşdə "Qəbələ" 1:0, ikincidə isə "Kəpəz" 2:1 hesablı qələbəyə sevinib. Bu dəfə matçın Gəncədə keçirilməsi Şahin Diniyevin komandası üçün əlavə üstünlük sayıla bilər. Baxmayaraq ki, təcrübəli mütəxəssisin səhhətində problem yarandığından, onun bu görüşdə komandasının sükanı arxasında yer alması sual altındadır. Digər tərəfdən, "Qəbələ" də çempionluğa əsas iddialılardandır və növbəti xal itkisinə yol verməməyə çalışacaq.
İlk oyun gününün digər görüşündə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Bu komandalar indiyə qədər çempionat çərçivəsində 14 dəfə üz-üzə gəliblər ki, onların 9-da paytaxt klubu qələbəyə sevinib. İki görüşdə heç-heçə qeydə alınıbsa, üç dəfə də “Sumqayıt” qalib gəlib. Top fərqində də bakılılar öndədir - 31:16. “Neftçi” cari mövsümdə iki eyni hesablı qələbə qazanıb: evdə də, səfərdə də - 2:1. Son 7 matçda meydanı qolsuz tərk etməyən bakılılar 6 görüşdür uduzmur. Paytaxtdakı son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. "Neftçi"ni bu matçın da favoriti saymaq olar. Amma rəqibindən fərqli bu qış Türkiyədə hazırlıq keçən, yaxşı transferlər həyata keçirən Samir Abasovun komandasından da mövsümün qalan hissəsindən gözləntilər çoxdur.
İkinci oyun günündə öncə "Xəzər Lənkəran" "Rəvan"ı qonaq edəcək. İndiyə qədər 12 dəfə qarşılaşan bu klublar daha çox (5) heç-heçəyə razılaşıblar. 4 dəfə “Xəzər Lənkəran” 3 xalı bayram edibsə, 3 dəfə də “Rəvan” qələbəyə sevinən tərəf olub. Top fərqi də cənubluların xeyrinədir - 17:10. “Xəzər Lənkəran” 7 oyundur meydanı qolsuz tərk etmir. “Rəvan” son 3 matçda cəmi 1 xal qazanıb. Bakılılar səfərdəki bütün oyunlarda qol buraxıb. Cari mövsümdə baş tutan görüşlərə gəlincə, Lənkəranda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməmişdi - 1:1. Bakıdakı matçda isə "ağ-yaşıllar" minimal hesablı qələbəyə sevinmişdilər - 1:0. Bu klublar cari mövsümdə oxşar aqibətlə üzləşiblər. Hər ikisi maliyyə problemindən ciddi əziyyət çəkir. "Rəvan" hətta FİFA-nın tələbi sayəsində 6 xalından da məhrum olub. Heyət baxımından da çox zəifləyən komandaların duelində kimin qalib çıxacağı maraqla gözlənilir.
Lider və son çempion "Qarabağ" bu tur AZAL-ın qonağı olacaq. Tərəflərin əvvəlki 28 oyununda Ağdam klubunun böyük üstünlüyü diqqət çəkir - 17 qələbə. "Təyyarəçilər" 5 dəfə qələbə qazandığı halda, 6 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlılar üstündür - 38:24. “Qarabağ” AZAL-la oyunlarda ardıcıl 8 qələbə qazanıb. Ağdam təmsilçisi 9 matçdır meydanı qolsuz tərk etmir. AZAL son 4 oyunda 1 qol vurub. “Qarabağ” son 4 səfərdə qol buraxmayıb. Cari mövsümkü görüşlərdə də Qurban Qurbanovun komandası eyni hesablarla (2:0) qalib gəlib. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv doğma meydan amilindən yararlanıb, iddialı rəqibindən xal almağa çalışacaq. Amma heyətinə görə şüvəlanlılardan qat-qat üstün olan "Qarabağ"ın fasilədən sonrakı ilk görüşündə də qələbə qazanıb, zirvədəki mövqeyini gücləndirməyə çalışacağı şübhəsizdir.
Turun qapanış matçında isə paytaxt derbisi baş tutacaq. "Zirə" - "İnter" görüşü həm də hesabat turunun mərkəzi oyunu hesab olunur. Paytaxt təmsilçiləri əvvəlki qarşılaşmalarda qol vura bilməyib. Cəmi iki dəfə üz-üzə gələn rəqiblərin matçları qolsuz bərabərliklə nəticələnib. Bu oyunda da hansısa komandanın favorit olduğunu söyləmək çətindir. Sadəcə, zirəlilərin doğma meydanda oynaması Adil Şükürovun komandasına kiçik bir üstünlük qazandırır.
Topaz Premyer Liqası
19-cu tur
30 yanvar (şənbə)
14:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu.
16:30. “Neftçi” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Bakcell Arena”.
31 yanvar (bazar)
13:30. “Xəzər Lənkəran” - “Rəvan”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
15:00. AZAL - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. AZAL Arena.
17:30. “Zirə” - “İnter”
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Mübariz Haşımov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zirə İdman Kompleksinin stadionu.
| 1 | Qarabağ | 18 | 11 | 5 | 2 | 28-12 | 38 |
| 2 | İnter | 18 | 8 | 6 | 4 | 18-12 | 30 |
| 3 | Zirə | 18 | 7 | 8 | 3 | 16-13 | 29 |
| 4 | Qəbələ | 18 | 7 | 7 | 4 | 24-13 | 28 |
| 5 | Kəpəz | 18 | 6 | 8 | 4 | 19-17 | 26 |
| 6 | Neftçi | 18 | 6 | 6 | 6 | 19-18 | 24 |
| 7 | AZAL | 18 | 6 | 4 | 8 | 11-17 | 22 |
| 8 | Sumqayıt | 18 | 3 | 9 | 6 | 23-28 | 18 |
| 9 | Xəzər Lənkəran | 18 | 3 | 3 | 12 | 10-24 | 12 |
| 10 | Rəvan | 18 | 2 | 6 | 10 | 12-26 | 6 |
Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.
Bombardirlər:
7 - Riçard Almeyda ("Qarabağ").
6 - Amil Yunanov ("Sumqayıt"), Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").
