Bəhmən Həsənov: Biz hansı əsrdə yaşayırıq ki, XL belə hərəkət edir?
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran" bizim bir neçə futbolçumuzla maraqlanır. Amma ən maraqlısı odur ki, onlar bizə müraciət etmək əvəzinə, birbaşa futbolçularla danışırlar. Onlara deyirlər ki, "Rəvan"la müqavilənizi pozun, gəlin bizimlə anlaşın. Biz hansı əsrdə yaşayırıq? Kim belə iş görür ki? Mənim öz işimə heyfim gəlir. Çünki o futbolçuların üzərində çalışmışdıq. Tural Qürbətovla Vüqar Bəybalayevə əvəzləyici tapmaq çətin olacaq. Amma "Xəzər Lənkəran" başqa futbolçularımızı da istəyir.
Bu komandaya qarşı keçirəcəyimiz qarşıdakı oyuna gəlincə, bütün çətinliklərə baxmayaraq, hazırıq. Rəqib öz meydanında yaxşı çıxış edir. Bizə ilk turlarda bir qədər çətin olacaq. Əlbəttə, hesabımızdan altı xalın silinməsi turnir cədvəli baxımından işimizi daha da çətinləşdirir. Amma ümid edirəm ki, mövsümün qalan dövründə itirdiklərimizin əvəzini çıxa biləcəyik".
