Adil Şükürov: Zirə daha bir legioner alacaq
"Zirə"nin baş məşqçisi Adil Şükürovun azerisport.az saytına müsahibəsi
- Qış fasiləsi zamanı komandanızın hazırlıq prosesi necə keçdi?
- Planlaşdırdıqlarımızı həyata keçirə bildik. Komandanın fiziki durumunu daha da yaxşılaşdırdıq. Buna görə şadam. Yoxlama oyunlarında çatışmazlıqlar üzərində yaxşı çalışdıq. Bütövlükdə, razıyam.
- Debütant olmağınıza baxmayaraq, mövümün ilk yarısını üçüncü pillədə başa vurdunuz. "Zirə"nin daha da gücləndiyini demək olar?
- Ən azından buna çalışdıq. Biz hər oyunda daha da artırmağa çalışırıq. Elvin Məmmədovla Vüqar Mustafayevin transferləri ilə daha da gücləndik.
- Deməli, transferlərdən razısınız?
- Onların bizə nə dərəcədə kömək edəcəyini görəcəyik. Amma Mustafayevin gənclərdən ibarət yığmamızın liderlərindən biri olması, Məmmədovun əsas millimizdə çıxış etməsi çox şeydən xəbər verir.
- Məmmədov "Zirə"nin sonuncu transfer olacaq?
- Daha bir futbolçu ilə danışıq aparırıq. Amma hələ onun adını açıqlaya bilmərəm. Sadəcə, onu deyim ki, əcnəbidir. Odur ki, Elvinin bizim sonuncu transferimiz olmayacağını demək olar.
- Qarşıda "İnter"lə oyun var...
- Rəqibimiz ölkənin ən sabit klublarından biri sayılır. Avrokuboklarda təcrübələri var. Bu mövsüm onlara qarşı iki oyun keçirmişik, iki xal qazanmışıq, heç birində qol buraxmamışıq. Bu dəfə də bizi asan oyun gözləmir.
- Sizdən fərqli, "İnter" yoxlama oyunlarında bir dənə də qol vura bilmədi. Yəqin ki, sizə də qol vurmaqda problemlə üzləşəcəklər...
- Ümid edirəm ki, heç nə dəyişməz (gülür).
- "İnter" məlum maliyyə problemlərinə görə avrokuboklarda çıxışdan məhrum edilə bilər. Bu, "Zirə"nin avrokuboklara çıxmaq yolunda işini asanlaşdıra bilər?
- Bunu mövsümün sonunda biləcəyik. Amma "İnter" hətta avrokuboklardan məhrum olsa da belə, tam gücü ilə mübarizəsini davam etdirəcək. Onların nəyə qadir olduğunu yaxşı bilirik.
