Qəbələ Futbol Akademiyasında futbolçular üçün yeni proqram
"Qəbələ" Futbol Akademiyasında futbolçular üçün yeni proqram-layihəyə start verilib. Azerisport.az xəbər verir ki, futbolçuların müxtəlif mövzularda marifləndirilməsini hədəfləyən proqram çərçivəsində təqdimatlara başlanılıb.
Məqsəd futbolçuların intellektual səviyyəsini artırmaq, onları ən müxtəlif mövzularda məlumatlandırmaqdır.
Təhsil işləri üzrə koordinatorların rəhbərlik etdikləri bu prosesə akademiyanın tibbi personalı start verib. Şabəddin Məmmədov, İlkin İslamov və Ziya Səmədovun təqdimatı ilk tibbi yardıma həsr olunub və təqdimatda bütün yaş qrupları iştirak ediblər. Daha çox video və foto görüntüləri özündə əks etdirən təqdimatlarda məqsəd futbolçulara həqiqətləri nümunələr vasitəsilə göstərmək, onlarda müxtəlif sahələr barədə təsəvvür yaratmaqdır.
Təqdimatlar bundan sonra həm klubun müxtəlif sahələrdən olan mütəxəssisləri, həm də əməkdaşlıq etdiyi şəxslər və şirkət nümayəndələri tərəfindən aparılacaq. (klub saytı)



