Yaşar Vahabzadə: Milli üzvlərindən razı qaldım, amma kimisə fərqləndirmək istəməzdim
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi
- Bəhreyn üzərində qazandığınız qələbə ilə (4:0) bağlı nə deyə bilərsiniz?
- Uşaqlar yaxşı futbol sərgilədilər və layiqli qələbə qazandılar. Onlardan razı qaldım. Gərgin qrafiklə oynamağımıza baxmayaraq, onların hamısının yaxşı hazırlıqlı olduğu göründü.
- Turnirin səviyyəsi barədə nə deyərdiniz?
- Turnirin səviyyəsi yaxşı idi. Bir neçə güclü komanda ilə qarşılaşdıq. Belə bir turnirin qalibi olmaq fəxrdir.
- Heyətdəki itkilər problem yaratmadı ki?
- Düzdür, itkilərimiz var idi. Amma əvəzində digər futbolçulara şans verdik. Onlardan da razı qaldım.
- Yəqin ki, bu turnirdən sonra bir neçə gənc futbolçu əsas millimizə dəvət olunacaq...
- Fikrimcə, bu uşaqlar tezliklə əsas millimizdə yaxşı rəqabət yarada biləcəklər.
- Bu nəsli əvvəlkilərdən fərqləndirmək olar?
- Hər nəsil futbolçuların içində yaxşıları olur. Ona görə də indidən kimisə fərqləndirmək istəməzdim.
- Ötən il bu turniri Ukrayna yığması qazanmışdı. Siz son çempionla elə ilk turda qarşılaşdınız və qələbə qazandınız. Yəqin ki, elə bu turniri qazanmağınızda həlledici rol oynayan da həmin qələbə oldu...
- Bəli, Ukrayna üzərindəki qələbədən sonra futbolçularda özünəinam çox artdı. Futbolçularımız futbol oynamağı bacarırlar. Bizim bu toplanışdakı əsas hədəflərimizdən biri fiziki hazırlığı yaxşılaşdırmaq idi. Bu baxımdan problemimizin olmadığını deyə bilərəm.
- Komandamız seçmə mərhələ oyunlarına hazırdır?
- Seçmə mərhələ oyunlarına xeyli vaxt qalır. Həmin vaxta kimi hansı futbolçunun hansı səviyyədə olduğuna bir daha baxacağıq. Ola bilər ki, kiminsə zədəsi olsun və ya geriləsin.
