Fəhmin Muradbəyli: Hədəf ilk üçlüyə düşmək və kuboku qazanmaqdır
"Neftçi"nin hücumçusu Fəhmin Muradbəylinin azerisport.az saytına müsahibəsi
- Bakıda təşkil olunan qış kubokunu qazanmağınız "Neftçi"yə nə verdi?
- Bu qələbəmizə görə şadam. Bu münasibətlə bütün fanatlarımızı təbrik edirəm. Buna görə hansısa pul mükafatından söhbət gedə bilməz. Turnir bütün futbolçulara özlərini göstərmək imkanı yaratdı. Onlar da bundan yararlanmağa çalışdılar.
- "Kəpəz"lə yoxlama oyununda (2:1) niyə iştirak etmədiniz?
- Zədədən yenicə qayıtmışdım. Buna görə də məşqçilər və həkimlər oynamağıma icazə vermədilər. Onların məsləhəti ilə özümü çempionat oyunlarına saxlamışam.
- "Neftçi" kənardan necə görünürdü?
- Hər iki komanda yaxşı oynadı. Amma sonda bizim komanda qalib gəldi.
- "Kəpəz"lə oyunda məşqçilərinizin yoxladığı müdafiəçi Anton Krivotsyuk barədə nə düşünürsünüz? O, komandanızda qala bilər?
- İlk oyun üçün yaxşı təsir bağışladı. Bundan sonrası isə onun özündən asılıdır.
- Klubunuzun yeni legioner transfer etməməsi gənc futbolçulara kömək edə biləcək?
- Transferlər olsa da, olmasa da, biz gənclər öz üzərimizdə çalışmalı və əsas heyətdə oynamağa layiq olduğumuzu isbatlamalıyıq.
- "Neftçi"nin çempionatın qalan hissəsinə tam hazır olduğunu söyləmək olar?
- Biz hələ hazırlıq aparırıq. Allah eləsin ki, ilk oyunumza qədər tam hazır olaq.
- Komandanız Premyer Liqada neçənci yer uğrunda mübarizə aparır?
- Hədəfimiz ilk üçlüyə düşmək və kuboku qazanmaqdır ki, avrokuboklarda mübarizə apara bilək.
- Əsas rəqibləriniz Türkiyədə toplanış keçdiyi halda, siz Bakıda hazırlaşdınız. Bu, sizin hədəflərinizə çatmağınıza problem yaratmayacaq?
- Kimin harada hazırlaşmasının önəmi yoxdur. Əsas vahid komanda olmaqdır. Mənə elə gəlir ki, xaricə gedə bilməməyimiz bizə təsir göstərməyəcək.
