Ruslan Nəsirli: İstərdim ki, Emin Mahmudovun Rusiya karyerası yüksək səviyyədə olsun
Azərbaycanın U-21 yığmasının hücumçusu Ruslan Nəsirlinin azerisport.az saytına müsahibəsi
- Gənclərdən ibarət yığmamız Antalya Kubokunda uğurlar çıxış edir. Üç oyuna üç qələbə qazanmısınız...
- Matçlar çətin keçir. Sadəcə, biz bu rəqiblərə qarşı böyük istəklə mübarizə aparırıq. Bu üç oyundakı 9 xalı da zəhmət çəkərək qazanmışıq.
- Amma sizdən belə uğurlu çıxışı çox adam gözləmirdi...
- Zəif rəqib yoxdur. Sadəcə, biz meydanda var gücümüzü qoyuruq. Ələ düşən qol vəziyyətlərindən maksimum yararlanmağa çalışırıq. Qələbə qazananda onun davamını gətirmək istəyirsən. Bizdə də elədir.
- Belə görünür ki, turnirin qalibi olmaq istəyirsiniz...
- Hədəfimiz AÇ-2017-nin seçmə mərhələ oyunlarına yaxşı hazırlaşmaqdır. Qarşıda bizi çətin rəqiblərlə görüşlər gözləyir. Rusiya ilə qarşıdakı oyuna hazır olmaq lazımdır.
- Rusiya ilə səfər oyunundakı şanslarınızı necə qiymətləndirərdiniz?
- Hələ proqnoz vermək üçün tezdir. Bircə söz deyə bilərəm ki, biz qələbəyə oynayacağıq.
- AZAL-ın mövsümün qalan dövrünə hazırlığında iştirak edə bilməməyiniz sizin üçün problem yaratmayacaq?
- Bu barədə danışmaq istəməzdim.
- Bu turnirdəki oyununuzla millinin əsas heyətində oynamağa layiq olduğunu göstərə bilmisiniz?
- Bu suala baş məşqçi cavab verə bilər.
- Siz hazırda Rusiya "Mordoviya"sında çıxış edən Emin Mahmudovun qohumusunuz. Ona bir neçə dəfə dəvət göndərilsə də, Azərbaycan yığmasında oynamaq istəməyib. Bu mövzuda onunla söhbətiniz olub?
- Çox istərdim ki, Eminin Rusiya karyerası yüksək səviyyədə olsun. Amma onun Azərbaycanda çıxışı barədə heç nə deyə bilmərəm.
