Fedor Çernıx: Qarabağa qol vurduğum üçün şadam
Polşanın "Yagelloniya" klubunun yarımmüdafiəçisi Fedor Çernıx Antalya toplanışı çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri və yeganə qolun müəllifi olduğu matçla bağlı bunları söyləyib:
"Rəqibin oyunu xoşuma gəldi. Futbolçuları çox yaxşı top saxlayırdılar. Onlara qarşı oynamaq çox çətin olsa da, qələbə qazana bildik. Etiraf edim ki, sizin klub çox yaxşı oynayırdı, biz isə əks-hücumlara üstünlük verirdik. Sadəcə, elə alındı ki, biz ələ düşən qol şansından yaxşı yararlandıq. Oyun mənim üçün də uğurlu alındı. Şadam ki, belə bir kluba qol vurdum. "Qarabağ"ın heyətində Dani Kintananı qeyd edərdim. O, vaxtilə bizim klubda da oynayıb. Azərbaycan futboluna gəlincə, özümü orada sınamaq istəyərdim. Sergey Zenyovla yaxşı tanışam. Vaxtilə ölkənizdə oynamış Kalonasla Çesnauskini də yaxşı tanıyıram. "Qarabağ"da yaxşı maliyyə şərtlərinin olduğunu da bilirəm".
